Maddi maraqlar münasibətləri dəyişirmi? - SOSİOLOQ DANIŞDI

8 İyul 2026 13:35 (UTC+04:00)

"Müasir dövrdə cəmiyyətdə müşahidə olunan bir çox problemlərin əsas səbəblərindən biri insanların münasibətlərdə mənəvi dəyərlərdən daha çox maddi amillərə üstünlük verməsidir. Təəssüf ki, istər ailə münasibətlərində, istər dostluqda, istər qonşuluq əlaqələrində, istərsə də peşə və sosial münasibətlərdə insanların bir-birinə yanaşması çox vaxt maddi imkanlar, vəzifə və sosial status üzərində qurulur".

Bu sözləri SİA-ya açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib.

O bildirib ki, mənəvi keyfiyyətlər isə arxa plana keçir: "Ailə qurularkən də, ailə həyatı dövründə də maddi tələblər bəzən mənəvi dəyərləri üstələyir. Bu yanaşma ailədaxili münasibətlərə mənfi təsir göstərir və boşanmaların əsas səbəblərindən biri kimi qiymətləndirilə bilər. Maddi məsələlər ön plana çəkildikdə qarşılıqlı hörmət, anlayış və mənəvi bağlılıq zəifləyir.

Eyni tendensiya dostluq və qonşuluq münasibətlərində də müşahidə olunur. İnsanlar bəzən qarşı tərəfi onun şəxsiyyətinə, savadına və ya mənəvi keyfiyyətlərinə görə deyil, vəzifəsinə, imkanlarına və maddi vəziyyətinə görə qiymətləndirirlər. Bu isə sağlam ictimai münasibətlərin formalaşmasına mane olur.

Cəmiyyətdə elə bir təsəvvür formalaşır ki, maddi imkanı və yüksək vəzifəsi olan insana daha çox hörmət göstərilir, maddi imkanı zəif olan, hətta savadlı və peşəkar insanlar isə lazımi dəyəri görmürlər. Bu yanaşma sosial münasibətlərdə ciddi problemlər yaradır və insanların bir-birinə münasibətində səmimiyyəti azaldır.

Sosial şəbəkələrin geniş yayılması da müəyyən mənada bu tendensiyanı gücləndirir. Bəzən insanlar daha çox tanınmaq, məşhurlaşmaq və ya özlərini təsdiq etmək məqsədilə nüfuzlu, imkanlı şəxslərə yaxınlaşmağa çalışırlar. Belə hallarda da mənəvi dəyərlər deyil, maddi və sosial üstünlüklər ön plana çıxır.

Sağlam cəmiyyət yalnız maddi göstəricilər üzərində qurula bilməz. İnsanlar bir-birini ilk növbədə mənəvi keyfiyyətlərinə, dürüstlüyünə, intellektinə, insanlığına və davranışına görə qiymətləndirməyi bacarmalıdırlar. Məhz bu dəyərlər cəmiyyətdə etimadı, qarşılıqlı hörməti və sağlam münasibətləri gücləndirə bilər.

Mənəvi dəyərlər yenidən ictimai münasibətlərin əsas meyarına çevrilmədikcə ailə, dostluq və ümumilikdə cəmiyyət həyatında mövcud olan problemlərin tam həllini gözləmək çətin olacaq".