"Trampın Türkiyə səfəri mühüm siyasi əhəmiyyət daşıyır" - POLİTOLOQ DANIŞDI

8 İyul 2026 13:25 (UTC+04:00)

"ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfəri ilk növbədə NATO sammiti çərçivəsində nəzərdə tutulur. Bununla yanaşı, səfər Türkiyə-ABŞ münasibətlərinin hazırkı vəziyyəti, gələcək əməkdaşlıq perspektivləri və regionda baş verən geosiyasi proseslərin müzakirəsi baxımından da xüsusi əhəmiyyət daşıyır".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "NATO sammiti bu dəfə xüsusilə diqqət mərkəzindədir. Çünki son dövrlərdə Donald Trampın İranla bağlı siyasəti, NATO üzvlərindən gözlədiyi dəstəyi tam ala bilməməsi, alyans ölkələrinin mövqeyi, eləcə də Trampın zaman-zaman NATO ilə bağlı sərt açıqlamaları və üzv dövlətlərin müdafiə xərclərinin artırılması ilə bağlı çağırışları geniş müzakirə olunur.

Şəxsən mən ABŞ-ın NATO-dan çıxacağını real hesab etmirəm. Bununla belə, Tramp administrasiyasının üzv ölkələrdən müdafiə xərclərini artırmağı daha qətiyyətlə tələb edəcəyi gözlənilir. Bu baxımdan, Türkiyənin də müdafiə xərcləri və NATO çərçivəsində öhdəlikləri müzakirə olunacaq əsas mövzulardan biri ola bilər.

Səfərin digər mühüm istiqamətlərindən biri Türkiyə-İsrail münasibətləridir. Son dövrlərdə iki ölkə arasında gərginliyin artması, eləcə də regionda baş verən proseslər Vaşinqtonun diqqət mərkəzindədir. ABŞ-ın əsas məqsədlərindən biri regiondakı iki mühüm tərəfdaşı arasında qarşıdurmanın qarşısını almaq və bunun regional təhlükəsizliyə mənfi təsir göstərməsinə imkan verməməkdir.

Bundan əlavə, NATO daxilində Ukrayna müharibəsi ilə bağlı yanaşmalarda da müəyyən fikir ayrılıqları mövcuddur. Türkiyənin həm NATO üzvü, həm də regionun əsas aktorlarından biri olması onun bu məsələdə xüsusi rolunu daha da artırır. Ukraynaya dəstək, Qara dənizdə təhlükəsizlik və münaqişənin diplomatik yollarla həlli istiqamətində atılacaq addımların da görüşlərin əsas müzakirə mövzularından biri olacağı gözlənilir.

Ümumilikdə, Donald Trampın Türkiyəyə səfəri yalnız NATO sammiti ilə məhdudlaşmır. Bu səfər həm Türkiyə-ABŞ münasibətlərinin gələcək inkişafı, həm NATO daxilində əməkdaşlığın perspektivləri, həm də Yaxın Şərq və Ukrayna ətrafında formalaşan regional təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır".