Dırnaq və saç yemək davranışı hansı problemlərdən xəbər verir? - KÖŞƏ

8 İyul 2026 12:16 (UTC+04:00)

Dırnaq yemək, saç yolmaq və ya saç yemək kimi vərdişlər əksər hallarda sadəcə “pis vərdiş” kimi qiymətləndirilsə də, psixologiya bu davranışlara daha dərin prizmadan baxır. Bəzən insanın dili ilə ifadə edə bilmədiyi narahatlıq, gərginlik və daxili mübarizə məhz bu davranışlar vasitəsilə özünü göstərir. Bu səbəbdən belə halları yalnız iradə zəifliyi kimi qiymətləndirmək düzgün deyil.

Uşaqlarda və böyüklərdə rast gəlinən dırnaq yemə, saç yolma və bəzi hallarda saç yemə davranışları çox vaxt stress, həyəcan, narahatlıq, qorxu və ya emosional gərginliklə əlaqəli olur. İnsan bəzən fərqinə varmadan bu hərəkətləri etməklə özünü sakitləşdirməyə çalışır. Xüsusilə imtahan dövrü, ailədaxili münaqişələr, iş təzyiqi və ya uzunmüddətli emosional gərginlik bu davranışların artmasına səbəb ola bilər.

Bəzi insanlar düşünür ki, “istəsə, bu vərdişdən əl çəkər”. Əslində isə məsələ çox vaxt bundan daha mürəkkəb olur. Çünki bu davranışlar bir çox hallarda insanın daxili psixoloji vəziyyətinin göstəricisidir. Əgər bu vərdişlər uzun müddət davam edir, gündəlik həyata mane olur, fiziki zədələr yaradır və ya insan onları dayandıra bilmədiyini hiss edirsə, artıq bu, mütəxəssis dəstəyi tələb edən bir vəziyyət ola bilər.

Saç yemək isə xüsusilə diqqət tələb edən haldır. Çünki udulan saçlar mədədə toplanaraq həzm sistemində ciddi problemlər yarada, bəzi hallarda hətta cərrahi müdaxilə tələb edən ağırlaşmalara səbəb ola bilər. Buna görə də bu davranış yalnız psixoloji deyil, tibbi baxımdan da qiymətləndirilməlidir.

Valideynlər də bu məsələyə həssas yanaşmalıdırlar. Uşağı davamlı danlamaq, utandırmaq və ya cəzalandırmaq problemi həll etmir, əksinə, emosional gərginliyi daha da artıraraq davranışın güclənməsinə səbəb ola bilər. Ən doğru yanaşma uşağın hansı səbəbdən bu davranışı göstərdiyini anlamağa çalışmaq, onun emosional vəziyyətini müşahidə etmək və lazım gəldikdə uşaq psixoloquna müraciət etməkdir.

Unutmaq olmaz ki, bəzən ən kiçik görünən davranışlar belə insanın daxilində baş verən böyük emosional fırtınaların səssiz siqnalı olur. Dırnaq və ya saç yemək təkcə bir vərdiş deyil, bəzən “mən özümü yaxşı hiss etmirəm” mesajının sözsüz ifadəsidir. Bu mesajı vaxtında görmək və düzgün qiymətləndirmək həm psixoloji, həm də fiziki sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır.