İngiltərə Bankı tərəfindən dərc olunan maliyyə sabitliyi hesabatına əsasən, 2028-ci ilin sonunadək Böyük Britaniyada daha bir milyon ev sahibi ipoteka ödənişlərinin artması ilə üzləşə bilər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yeni proqnozlara görə, 2028-ci ilin sonunadək ümumilikdə 5 milyondan çox ev sahibinin aylıq ipoteka ödənişləri artacaq. Bu göstərici ötən ilin dekabr ayında açıqlanan 4 milyonluq proqnozdan bir milyon nəfər çoxdur. Hesabatda bildirilir ki, proqnozun dəyişməsinə Yaxın Şərqdə, xüsusilə İranla bağlı hərbi gərginliyin maliyyə bazarlarına təsiri səbəb olub.
Məlumata görə, növbəti iki il ərzində sabit faizli ipoteka müqaviləsinin müddəti başa çatan orta statistik ev sahibi aylıq ödənişinin təxminən 45 funt sterlinq artacağını gözləyə bilər.
Eyni zamanda, hazırda faiz dərəcəsi 3 faizdən aşağı olan ipoteka müqavilələrindən istifadə edən təxminən 750 min ev sahibinin bu il yeni şərtlərlə yenidən maliyyələşdirməyə keçəcəyi və onların aylıq ödənişlərinin orta hesabla 170 funt sterlinq artacağı proqnozlaşdırılır.