Yarısını dövlət ödəyir - mal-qara sığortası neçəyə başa gəlir?

7 İyul 2026 17:42 (UTC+04:00)

Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən sərfəli aqrar sığorta mexanizmi vasitəsilə əkin sahələri ilə yanaşı, kənd təsərrüfatı heyvanlarını da sığortalamaq mümkündür.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Aqrar Sığorta Fondundan bildirilib ki, buraya iribuynuzlu mal-qara (südlük-ətlik inək və camışlar) və xırdabuynuzlu heyvanlar (qoyun və keçilər) aiddir.

Fond bu heyvanları çoxsaylı risklərdən – təbii fəlakətlər, yoluxucu xəstəliklər, yem, ot və kimyəvi məhsulların təsirindən zəhərlənmə, yanğın, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti, avtomobillə vurulma, daşınma zamanı qəza nəticəsində tələf olma və ya məcburi kəsim, oğurluq, quldurluq və sair hallardan sığortalayır.

Qanunvericiliyə əsasən, sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənildiyinə görə, heyvanların sığortası fermerlərə daha əlçatandır.

Belə ki, 1000 manatlıq iribuynuzlu mal-qaranın sığortası üçün fermerin ödəməli olduğu məbləğ, seçilmiş sığorta zərfindən asılı olaraq 24-39 manat, qiyməti 2000 manat olan heyvanların illik sığortası isə 48-78 manat arasında dəyişir.

Xırdabuynuzlu heyvanlara (qoyun və keçilər) gəlincə, qiyməti 300 manat olan heyvanın sığortası fermerə 7-11 manata, 500 manatlıq heyvanın sığortası isə 12-18 manata başa gəlir.

Qeyd edək ki, fermer və təsərrüfatlar öz heyvanlarını 1 il, 2 il və 3 illik müddətə sığorta edə bilərlər. Sığorta müddəti artdıqca, illik sığorta haqqı da azalır.

Məsələn, 1000 manatlıq iribuynuzlu mal-qaranın 3 illik müddətə sığortalanması zamanı illik sığorta haqqı 22,8-36,5 manat təşkil edir. Hadisə baş verdikdə heyvanın dəyərinin 10 faizlik hissəsi azadolma şəklində çıxılır və fermerə kənd təsərrüfatı heyvanının dəyərinin 90 faizi həcmində ödəniş həyata keçirilir.

Kənd təsərrüfatı heyvanlarını artıq 11 günlüyündən başlayaraq müxtəlif yaşadək sığortalamaq mümkündür. Südlük mal-qara 7 yaşadək, ətlik heyvanlar 3 yaşadək, xırdabuynuzlu heyvanlar isə 5 yaşadək sığortalanır.

Xatırladaq ki, indiyədək Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə 3,5 milyon manat sığorta ödənişi həyata keçirilib.