Rəqəmsal texnologiyanın gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə uşaqların sosial şəbəkələrdən istifadəsi cəmiyyətin ən çox müzakirə olunan mövzularından biridir. Xüsusilə azyaşlıların onlayn mühitdə təhlükəsizliyinin təmin edilməsi, onların psixoloji inkişafının qorunması və rəqəmsal savadlılığının artırılması məqsədilə müxtəlif yaş məhdudiyyətləri və valideyn nəzarəti ilə bağlı təkliflər gündəmə gəlir. Bu baxımdan 16 yaşadək uşaqlar üçün sosial media hesablarının məhdudlaşdırılması, 16–18 yaş aralığında olan yeniyetmələrin isə valideyn nəzarəti altında sosial şəbəkələrdən istifadə etməsi ilə bağlı səsləndirilən fikirlər ictimai maraq doğurur.
Məsələ ilə bağlı sosioloq Naib Niftəliyev SİA-ya açıqlamasında bildirib ki, valideyn övladını hər zaman uşaq kimi gördüyü üçün onun üzərində nəzarəti də bəzən ömrünün sonuna qədər davam edir:
"Bu, emosional və psixoloji davranış nümunəsidir. İstənilən halda nəzarət önəmlidir. Xüsusilə də mənəvi-etik davranışın formalaşdırılması, uşaqlara müsbət keyfiyyətlərin aşılanması və şəxsiyyətlərinin düzgün formalaşması baxımından bu, vacib amildir. Ailə burada əsas sosiallaşdırıcı rol oynayır. Yəni ailə mühiti uşağın tərbiyəsində və yetkinləşməsində çox mühüm təsirə malikdir. Təbii ki, yaş dövrü də burada öz sözünü deyir. Aydındır ki, internetdən istifadə imkanları genişdir və bu məhdudiyyətlər də müəyyən mənada şərtidir. Onların məqsədi uşaqlara öz hüquq və vəzifələrini öyrətmək, onlarda məsuliyyət hissini formalaşdırmaqdır".