"Azərbaycan dost ölkələrlə münasibətlərini davamlı olaraq inkişaf etdirir, eyni zamanda yeni tərəfdaşlarla diplomatik əlaqələrini genişləndirir. Bu baxımdan, Türkmənistan Prezidenti Sərdar Berdimuhamedovun Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət etdi".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, səfər çərçivəsində bir sıra yeni sənədlər imzalandı:
"Həmçinin Türkmənistanın Qarabağda inşa etdiyi sosial obyektin açılışında iştirak edilməsi iki ölkə arasındakı dostluğun və qarşılıqlı dəstəyin növbəti nümunəsi oldu.
Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi və humanitar əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Bundan əvvəl Türkmənistan Milli Şurasının sədri, eyni zamanda Türkmənistanın keçmiş Prezidenti Qurbanqulu Berdimuhamedovun Azərbaycana səfəri, eləcə də Azərbaycan rəhbərliyinin Türkmənistana səfərləri də bu münasibətlərin strateji xarakter daşıdığını göstərir.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Bakıya səfəri isə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır. Görüşlər zamanı əsas diqqət enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional sabitlik məsələlərinə yönəldildi.
Ursula von der Leyen Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirdi. Prezident İlham Əliyev də öz növbəsində bildirdi ki, Azərbaycan artıq Avropa İttifaqının 10 ölkəsinə təbii qaz ixrac edir və bu dövlətlərlə strateji tərəfdaşlıq münasibətləri qurub. Eyni zamanda, gələcəkdə enerji əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Səfər zamanı Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar, Azərbaycan–Ermənistan sülh prosesinin irəlilədilməsi və regionda dayanıqlı sülhün təmin olunması məsələləri də müzakirə olundu. Avropa İttifaqı regionun inkişafına dəstək məqsədilə Cənubi Qafqaz üçün 200 milyon avro həcmində maliyyə yardımı ayıracağını da bəyan etdi.
Slovakiya rəhbərliyinin Azərbaycana planlaşdırılan səfəri də bu əməkdaşlıq xəttinin davamı kimi qiymətləndirilə bilər. Slovakiya Azərbaycanın enerji tərəfdaşlarından biridir və iki ölkə arasında iqtisadi münasibətlər, xüsusilə enerji sahəsində əməkdaşlıq ildən-ilə genişlənir.
Ümumilikdə, Azərbaycanın son illərdə həyata keçirdiyi balanslaşdırılmış və məqsədyönlü xarici siyasət ölkəmizin milli maraqlarını qorumaqla yanaşı, onun beynəlxalq nüfuzunu da əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan bu gün regionun aparıcı dövləti və qlobal əhəmiyyət daşıyan etibarlı tərəfdaş kimi qəbul olunur.
Məhz buna görə də Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu, qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər yeni bazarların açılmasına, investisiyaların cəlb edilməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsinə xidmət edir. Bu isə ölkəmizin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır".