“O, 1956-cı ildə anadan olub və ömrünü Azərbaycan jurnalistikasının inkişafına həsr edib. Qeyd olunub ki, doğulub boya-başa çatdığı mühit onun xarakterinin, vətənpərvərlik ruhunun və prinsipial mövqeyinin formalaşmasında mühüm rol oynayıb”.
SİA xəbər verir ki , bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Mirzə Əsgərovun 70 illik yubileyinə həsr olunmuş dəyirmi masada qeyd edib.
Onun sözlərinə görə, Mirzə Əsgərov Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra müxtəlif mətbuat orqanlarında məsul vəzifələrdə çalışıb, peşəkar jurnalist və redaktor kimi tanınıb:
”Onun fəaliyyəti həm bölgə, həm də respublika mətbuatında yüksək qiymətləndirilib”.
Çıxışda qeyd olunub ki, Mirzə Əsgərov müstəqilliyin ilk illərində Azərbaycan mətbuatının inkişafına, milli dövlətçilik ideyalarının təbliğinə və ictimai fikrin formalaşmasına mühüm töhfələr verib. Bildirilib ki, o, “91-lər”in üzvlərindən biri kimi ölkənin taleyüklü siyasi proseslərində fəal iştirak edib və ümummilli liderə ünvanlanan tarixi müraciəti imzalayan ziyalılardan biri olub.
Sonda Mirzə Əsgərovun peşəkarlığı, vətənə bağlılığı, prinsipial mövqeyi və zəngin irsinin Azərbaycan jurnalistikasında daim ehtiramla xatırlanacağı vurğulanıb”.