Məktəblər bağlansa da, tətil başlasa da bir çox valideyn xüsusilə azyaşlıları müxtəlif fənnlərdən kurslara göndərirlər. Xüsusilə məktəbəqədər hazırlıq kursları da var. Uşaq bütün yayı istirahət etmədən yeni tədris ilinə hazırlaşır. Ümumiyyətlə bu nə dərəcədə düzgündür? Bu uşağın psixologiyasına necə təsir edir?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, son illərdə uşaqların təhsilinə göstərilən diqqət artsa da, bu proses bəzən onların uşaqlığını yaşamasına mane olur:
"Artıq bir çox hallarda uşaqların əylənmək, istirahət etmək və sərbəst şəkildə vaxt keçirmək imkanları məhdudlaşdırılır. Halbuki uşaqlıq dövrü təkcə dərs oxumaqdan ibarət deyil. Bu yaş mərhələsində uşaqlar oyun oynamaq, yaşıdları ilə ünsiyyət qurmaq, müxtəlif sosial mühitlərdə iştirak etmək və həyatı təcrübə yolu ilə öyrənmək ehtiyacı hiss edirlər.
Uşaq sosiallaşmalıdır. O, ətrafındakı insanlarla ünsiyyət qurmağı, fikirlərini ifadə etməyi, komanda şəklində işləməyi, dostluq münasibətləri formalaşdırmağı və müxtəlif situasiyalarda düzgün davranmağı öyrənməlidir. Bütün bunlar gələcəkdə onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Lakin erkən yaşlardan uşaqların repetitor yanına göndərilməsi, əlavə dərslərlə yüklənməsi və bütün vaxtlarının tədrisə həsr edilməsi onları bu vacib inkişaf imkanlarından məhrum edir.
Xüsusilə bəzi ibtidai sinif müəllimləri yay tətili üçün geniş dərs proqramları hazırlayırlar. Əslində yay tətili uşağın istirahət etməsi, psixoloji və fiziki cəhətdən yenilənməsi üçün nəzərdə tutulsa da, bəzi valideynlər bu proqramları fürsət kimi qiymətləndirərək övladları üzərində əlavə təzyiq yaradırlar. Nəticədə uşaq yay aylarında da davamlı dərs yükü altında qalır, oyun, idman və digər inkişafetdirici fəaliyyətlərə kifayət qədər vaxt ayıra bilmir.
Belə yanaşmanın uzunmüddətli nəticələri də narahatlıq doğurur. Elə uşaqlar var ki, onlar gələcəkdə yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olurlar, akademik baxımdan uğur qazanırlar. Lakin bu uğurlar onların sosial bacarıqlarındakı çatışmazlıqları aradan qaldırmır. Onlar insanlarla ünsiyyət qurmaqda, kollektivə uyğunlaşmaqda, öz fikirlərini sərbəst ifadə etməkdə və yeni sosial mühitlərə adaptasiya olmaqda çətinlik çəkirlər. Bu isə sonrakı təhsil və əmək fəaliyyətində, eləcə də şəxsi həyatlarında müxtəlif problemlərə səbəb ola bilər.
Buna görə də valideynlər və müəllimlər uşağın yalnız akademik nailiyyətlərini deyil, onun hərtərəfli inkişafını da prioritet hesab etməlidirlər. Təhsil ilə istirahət, öyrənmə ilə oyun, məsuliyyət ilə uşaqlıq arasında sağlam balans qorunmalıdır. Çünki gələcəyin uğurlu insanı təkcə yüksək qiymətlər alan deyil, həm də sağlam psixologiyaya, güclü ünsiyyət bacarıqlarına və sosial mühitə asanlıqla uyğunlaşa bilən şəxsdir".