“Bu gün görkəmli jurnalistlərimizdən biri olmuş mərhum Mirzə Əsgərovu böyük ehtiramla yad edirik. O, hər zaman onu tanıyanların qəlbində vətənini, xalqını və dövlətini sevən, prinsipial mövqeyi ilə seçilən bir şəxsiyyət kimi yaşayır”.
SİA xəbər verir ki, bu fikirləri Millət Vəkili Vüqar Rəhimzadə Mirzə Əsgərovun 70 illik yubileyinə həsr olunmuş dəyirmi masada qeyd edib.
Onun sözlərinə görə, Mirzə Əsgərov “91-lər”in üzvlərindən biri kimi həmin dövrdə imzalanan tarixi müraciətə qoşulmaqla öz prinsipial mövqeyini ortaya qoydu:
”O, bununla təkcə şəxsi mövqeyini deyil, həm də minlərlə insanın arzu və istəklərini ifadə etmiş oldu.
Mirzə Əsgərov uzun illər Azərbaycan mətbuatında, o cümlədən AzərTAc və digər media qurumlarında peşəkar jurnalist kimi fəaliyyət göstərib. O, cəmiyyətin doğru və operativ informasiya ilə təmin olunması, ölkədə baş verən hadisələrin obyektiv şəkildə ictimaiyyətə və dünyaya çatdırılması istiqamətində mühüm xidmətlər göstərib.
Təəssüf ki, Mirzə Əsgərov ömrünün ən məhsuldar çağında haqq dünyasına qovuşdu. Lakin onu tanıyanların yaddaşında o, mərdliyi, qüruru, yüksək insani keyfiyyətləri və vətəndaş mövqeyi ilə daim yaşayacaq.
Mirzə Əsgərov bizim üçün əziz dost, dəyərli ziyalı və nümunəvi vətəndaş idi. Allah ona rəhmət eləsin, ruhu şad olsun”.