Mətbuat Şurasında Mirzə Əsgərovun 70 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

7 İyul 2026 15:11 (UTC+04:00)

Azərbaycan Mətbuat Şurasında “Tusi” Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə tanınmış jurnalist, publisist və ictimai xadim Mirzə Əsgərovun anadan olmasının 70 illiyinə həsr edilmiş “Həqiqətin keşiyində bir ömür” adlı dəyirmi masa keçirilib.

SİA xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, media rəhbərləri, tanınmış jurnalistlər, ictimai xadimlər, Mirzə Əsgərovun ailə üzvləri və media ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında Mirzə Əsgərovun Azərbaycan jurnalistikasında özünəməxsus yerə malik olduğunu, peşə fəaliyyətində obyektivlik, peşəkarlıq və həqiqət prinsiplərinə daim sadiq qaldığını bildirib. Onun həyat və fəaliyyət yolunun gənc jurnalistlər üçün örnək olduğu vurğulanıb.

“Tusi” Xeyriyyə Cəmiyyətinin sədri, professor Yəhya Babanlı, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, “91-lər”in nümayəndəsi Eldar İbrahimov və Mirzə Əsgərovun uzunillik dostu Namiq Əhmədov çıxışlarında onun Azərbaycan jurnalistikasının inkişafına verdiyi töhfələrdən, peşəkarlığından, vətənpərvərliyindən və yüksək mənəvi keyfiyyətlərindən danışıblar.

Çıxış edənlər Mirzə Əsgərovun ömrünü həqiqətin, obyektiv sözün və milli mətbuatın inkişafına həsr etdiyini, zəngin irsinin gələcək jurnalist nəsilləri üçün örnək olduğunu qeyd ediblər.

Sonda Mirzə Əsgərovun nəvəsi Araz Əsgərov ailə adından yubiley tədbirinin təşkilatçılarına və iştirakçılara minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Mirzə Əsgərov Azərbaycanın müstəqilliyinə dəstək vermiş tanınmış ziyalılardan biri, “91-lər”in üzvü olub.