Hadisə zamanı əvvəlcə yardım çağırırıq, yoxsa video çəkirik? - SOSİOLOQ DANIŞDI

7 İyul 2026 14:50 (UTC+04:00)

"İctimai yerlərdə və insanların sıx toplandığı məkanlarda hər hansı hadisə və ya fövqəladə vəziyyət baş verdikdə vətəndaşların ilk növbədə aidiyyəti dövlət qurumlarına məlumat verməsi çox vacibdir. Təəssüf ki, çox vaxt bunun əksini müşahidə edirik. Yanğın, yol-nəqliyyat hadisəsi, dava, su basması, zəlzələ və digər fövqəladə hallar zamanı insanlar hadisəni lentə almağa, onu sosial şəbəkələrdə paylaşmağa daha çox üstünlük verirlər. Halbuki ilk addım peşəkar yardım xidmətlərini çağırmaq olmalıdır".

Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.netMir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti tarixən həmrəyliyi və yardımlaşması ilə seçilib. Çətin vəziyyətə düşən insanlara kömək etmək bizim milli xüsusiyyətlərimizdən biridir. Lakin bəzi hallarda yaxşı niyyətlə edilən müdaxilələr əks nəticə verə bilər. Məsələn, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsi tibbi bilik olmadan yerindən tərpətmək onun vəziyyətini daha da ağırlaşdıra bilər. Belə hallarda ən doğru addım təcili tibbi yardım çağırmaq və zərərçəkənin təhlükəsizliyini təmin etməkdir:

"Yalnız həyat üçün təxirəsalınmaz təhlükə olduqda və bunu bacaran şəxslər tərəfindən müdaxilə edilməlidir.

Bir çox ölkələrdə fövqəladə hallar zamanı ictimai davranış qaydaları qanunvericilik və xüsusi təlimatlar vasitəsilə tənzimlənir. İnsanlar ilk növbədə polisə, təcili tibbi yardıma və ya xilasetmə xidmətlərinə məlumat verir, peşəkarların hadisəyə müdaxilə etməsinə şərait yaradırlar. Bu yanaşma həm insanların təhlükəsizliyi, həm də hüquqi məsuliyyət baxımından mühüm əhəmiyyət daşıyır.

Digər tərəfdən, elə vəziyyətlər var ki, həmin an insanın köməyinə ehtiyac olur və belə hallarda biganə qalmaq düzgün deyil. Təəssüf ki, bəzən küçədə kiminsə köməyə ehtiyacı olduğu halda insanlar sadəcə müşahidəçi olurlar. Hətta bəzi hallarda heyvanlara göstərilən həssaslıq insanlara göstərilən diqqətdən daha çox olur. Halbuki ürəyi gedən, yıxılan və ya köməyə ehtiyacı olan bir insana ilkin yardım göstərmək və aidiyyəti dövlət qurumlarına məlumat vermək hər birimizin mənəvi borcudur.

Hesab edirəm ki, cəmiyyət olaraq bu istiqamətdə daha çox maariflənməyə ehtiyacımız var. Fövqəladə hallar zamanı, istər zəlzələ, yanğın, bina uçqunu, sel və ya digər hadisələr baş verdikdə, insanların bir-birinə dəstək olması, soyuqqanlı davranması və peşəkar xidmətlərin işinə kömək etməsi olduqca vacibdir.

Biz bunun ən gözəl nümunəsini müharibə dövründə gördük. İnsanlar bir-birinə dəstək oldu, həmrəylik nümayiş etdirdi və çətin günlərdə birlik göstərdi. Arzu edərdim ki, bu həmrəylik gündəlik həyatımızda da davam etsin.

Bəzən müdaxilə etmək lazım deyil, bəzən isə vaxtında göstərilən bir yardım insan həyatını xilas edə bilər. Əsas məsələ vəziyyəti düzgün qiymətləndirmək, emosiyalarla deyil, məsuliyyət hissi ilə davranmaq və zərurət yarandıqda aidiyyəti dövlət qurumlarını dərhal məlumatlandırmaqdır.

İnanıram ki, maarifləndirmə gücləndikcə insanlar əvvəlki kimi istiqanlı olacaq, bir-birinə yardım əlini uzadacaq və cəmiyyətimizdə qarşılıqlı dəstək, həmrəylik və məsuliyyət hissi daha da möhkəmlənəcək"