“Sərhəd təhlükəsizliyinin gücləndirilməsi dövlətin əsas prioritetlərindəndi" - DEPUTAT DANIŞDI

7 İyul 2026 13:17 (UTC+04:00)

"Azərbaycanda sərhəd təhlükəsizliyinin daha da gücləndirilməsi dövlətin əsas prioritet məsələlərindən biridir".

Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə sosial infrastruktur layihələri ardıcıl şəkildə davam etdirilir və sərhəd mühafizə sisteminin müasirləşdirilməsi üçün mühüm addımlar atılır:

"Eyni zamanda, Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən fəaliyyət nəticəsində Azərbaycanın milli təhlükəsizliyinin qorunmasına verilən töhfələri aydın şəkildə müşahidə edirik. Çünki həm peşəkar kadr potensialının gücləndirilməsi, həm də müasir infrastrukturun yaradılması sərhəd təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına mühüm töhfə verir.

Sərhəd nəzarətinin tədris mərkəzinin fəaliyyəti isə xüsusilə innovativ yanaşmaların tətbiqi və müasir biliklərin, təcrübələrin bölüşdürülməsi baxımından böyük əhəmiyyət daşıyır. Çünki artıq təhlükəsizliyin qorunması prosesində süni intellekt daxil olmaqla çox fərqli texnoloji alətlərdən istifadə olunur. Rəqəmsal həllərin və innovativ texnologiyaların tətbiqi sərhəd təhlükəsizliyinin təmin edilməsində yanaşmanı dəyişir, daha çevik, daha effektiv və müasir idarəetmə modelinin formalaşmasına şərait yaradır.

Bu baxımdan yeni tədris mərkəzinin fəaliyyətə başlaması məhz innovativ yanaşmanın tətbiqinə, müasir texnologiyaların mənimsənilməsinə, kadr hazırlığının keyfiyyətinin artırılmasına və tədris prosesinin daha da genişləndirilməsinə xidmət edəcək. Nəticə etibarilə, bu addım Azərbaycanın sərhəd təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, milli təhlükəsizlik sisteminin gücləndirilməsi və müasir çağırışlara uyğun peşəkar hazırlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".

Lətifə Abdıyeva