"Təbii ki, hazırda dünyada davam edən müharibələr, iqtisadi sanksiyalar və bu qarşıdurmaların doğurduğu nəticələr beynəlxalq iqtisadiyyata və qlobal iqtisadi proseslərə mənfi təsir göstərir".
Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tural Gəncəliyev bildirib.
Onun sözlərinə görə, ölkəmizin şimalında baş verən Rusiya–Ukrayna müharibəsi başlayandan bəri dünya iqtisadiyyatında ciddi böhranlı vəziyyət müşahidə olunur:
"Belə ki, Avropanı neft və qazla təmin edən əsas marşrutlardan biri olan" Şimal axını" (Nord Stream) boru kəmərlərinin partladılması Avropa İttifaqına böyük zərbə vurdu. Eyni zamanda, Ukrayna ərazisindən keçərək Rusiyadan Avropaya uzanan qaz kəmərlərinin fəaliyyətini dayandırması da Avropanın iqtisadiyyatına və enerji təhlükəsizliyinə ciddi mənfi təsir göstərdi.
Bundan başqa, cənubumuzda baş verən İranla bağlı hərbi gərginlik fonunda Hörmüz boğazı ətrafında yaşanan proseslər də dünya iqtisadiyyatına böyük zərbələr vurdu. Çünki dünya üzrə enerji daşıyıcılarının təxminən beşdə biri məhz Hörmüz boğazından daşınır. Boğaz ətrafında yaranan gərginlik dərhal qlobal bazarlara təsir göstərdi və neftin qiyməti kəskin şəkildə artmağa başladı.
Hətta ABŞ-də neft qiymətlərinin artması Prezident Donald Trampın reytinqinə mənfi təsir göstərən amillərdən biri oldu. Çünki Amerika cəmiyyəti iqtisadi problemlər və qiymət artımı fonunda ona qarşı narazılığını ifadə etməyə başladı. Nəticədə Tramp Hörmüz boğazının fəaliyyətinin bərpasını prioritet məsələlərdən biri kimi gündəmə gətirdi və ABŞ-ın öz enerji resurslarından, xüsusilə mayeləşdirilmiş təbii qaz imkanlarından daha geniş istifadə olunmasına çalışdı.
Təbii ki, bütün bu proseslər Azərbaycana da təsirsiz ötüşmür. Çünki Azərbaycan dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsidir. Lakin bizim üstünlüyümüz ondan ibarətdir ki, həyata keçirilən müstəqil, balanslaşdırılmış və sığortalanmış xarici iqtisadi siyasət ölkəmizə bu böhranlardan digər dövlətlərlə müqayisədə daha az itki ilə çıxmağa imkan verir.
Bu gün Avropa İttifaqının ən yüksək səviyyəli rəsmilərinin Azərbaycana xüsusi diqqət yetirməsi də bunun göstəricisidir. Avropa ölkələri enerji böhranı şəraitində Azərbaycanın enerji resurslarına ehtiyacın artdığını özləri də etiraf edirlər. Bu isə ölkəmizin həm Avropa İttifaqı, həm Cənubi Qafqaz, həm Xəzər hövzəsi, həm də bütövlükdə Avrasiya məkanında strateji əhəmiyyətini daha da artırır.
Digər tərəfdən, dünyada böhranların davam etdiyi bir dövrdə Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşməsi də ölkəmizin mövqeyini gücləndirir. Orta Dəhliz layihəsinin inkişafı, Xəzər dənizi üzərindən Şərqdən Qərbə – Çindən Avropaya daşımaların genişlənməsi, eləcə də Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan üzərindən keçməsi ölkəmizin geoiqtisadi rolunu daha da artırır.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan qlobal iqtisadi və siyasi çağırışlara əvvəlcədən hazırlıq görmüş, çevik və düşünülmüş siyasət həyata keçirən ölkələrdən biridir. Məhz bu yanaşma sayəsində ölkəmiz beynəlxalq böhranların təsirini minimuma endirməyə və milli maraqlarını qorumağa nail olur."
Lətifə Abdıyeva