Bu gün uşaqların oyuncaqları dəyişib. Küçədə saatlarla oynayan uşaqların yerini telefon ekranına baxan, sosial şəbəkələrdə vaxt keçirən uşaqlar tutub. Valideynlər çox vaxt övladının evdə, gözünün qabağında olduğunu düşünərək rahatlaşır. Halbuki ən böyük təhlükələrdən bəziləri məhz görünməyən- virtual aləmdə gizlənir.
Sosial şəbəkələr uşaqlara yeni biliklər, ünsiyyət və yaradıcılıq imkanları versə də, onların qarşısına zorakılıq, aqressiya, saxta məlumatlar, kibertəqib və yaşlarına uyğun olmayan məzmun da çıxara bilir. Uşaq bunların hansının doğru, hansının təhlükəli olduğunu hər zaman ayırd edə bilmir.
Məhz buna görə də bir çox ölkələr sosial şəbəkələrdən istifadə ilə bağlı müxtəlif məhdudiyyətlər tətbiq etməyə başlayıb. Məqsəd uşaqları cəzalandırmaq deyil, onları qorumaqdır. Yaş məhdudiyyəti, valideyn razılığı və şəxsiyyətin təsdiqlənməsi kimi mexanizmlər riskləri azaltmağa kömək edə bilər.
Ancaq unutmaq olmaz ki, təkcə qadağalar problemi həll etmir. Uşaqla söhbət etməyən, onun internetdə nə ilə maraqlandığını bilməyən valideyn üçün ən sərt məhdudiyyət belə tam nəticə verməyə bilər. Ən güclü qoruyucu vasitə etibar, düzgün tərbiyə və rəqəmsal savadlılıqdır.
Virtual mühit uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Onları bu dünyadan tam uzaqlaşdırmaq mümkün deyil. Vacib olan odur ki, həmin mühit daha təhlükəsiz olsun və uşaqlar orada özlərini qorumağı öyrənsinlər.
Çünki hər bir uşaq təhlükəsiz uşaqlıq haqqına malikdir. Bu məsuliyyət isə təkcə ailənin deyil, dövlətin, məktəbin, texnologiya şirkətlərinin və bütövlükdə cəmiyyətin üzərinə düşür. Uşaqların gələcəyini qorumaq istəyiriksə, onları virtual aləmdə də tək buraxmamalıyıq”.