Son vaxtlarda bəzi Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən tikilib istifadəyə verilən yeni binalarda internet provayderlərlə bağlı problemlər yaşanır.
Bina sakinləri istədikləri provayderi seçə bilmir. Seçim etmək istədikləri provayderlərə üz tutduqda qarşı tərəf həmin ərazidə fəaliyyət göstərmək icazəsinin olmadığını bildirir.
Bu sözləri SİA-ya Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.

O bildirib ki, Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, abunəçilərin operator və provayderləri sərbəst seçmək hüququ var və bu hüququn təmin edilməsinə müvafiq şərait yaradılmalıdır:
“Tənzimləyici qurum istifadəçilərin maraq və hüquqlarının pozulmasına səbəb olmaqla digər operator və provayderlərin fəaliyyətinə maneə törədərək tək fəaliyyət göstərən operator və provayderlər barəsində qanunvericiliyə uyğun tədbirlərin davam etdiriləcəyini bir daha xatırladır.
Mənzil Məcəlləsinin 141-ci maddəsinin 3-cü bəndinə əsasən, çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. Belə ki, qanunvericilikdə qeyd edildiyi kimi, vətəndaşlar öz idarəetmə üsulunu yaradaraq istənilən internet provayder şirkətini seçə və həmin provayder şirkəti ilə müqavilə bağlaya bilərlər”.
Ayşən Vəli