Cinayət Məcəlləsinə və əlaqəli qanunlara dəyişikliklər ikinci oxunuşda qəbul edilib

7 İyul 2026 11:20 (UTC+04:00)

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında ikinci oxunuşda qəbul edilib.

SİA xəbər verir ki, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 15-ci, 17-ci və 20-ci bəndlərinə uyğun olaraq hazırlanıb.

Dəyişikliklərə əsasən, Cinayət Məcəlləsinin bir sıra maddələri təkmilləşdirilir. Belə ki, 73-2.2-ci maddədə cərimə ilə bağlı norma dəyişdirilir, 193-cü maddədə qanunsuz sahibkarlıq və hüquqi şəxslərin yaradılması ilə bağlı hüquqi tənzimləmə dəqiqləşdirilir, 208-ci maddənin isə ləğvi nəzərdə tutulur.

Eyni zamanda, 244-1-ci maddəyə edilən dəyişikliklərlə internet, mobil rabitə şəbəkələri, sosial media platformaları və digər elektron rabitə vasitələrindən istifadə edilməklə törədilən əməllərlə bağlı məsuliyyət konkretləşdirilir. Həmin maddə üzrə cəzaların da yeni redaksiyada müəyyənləşdirilməsi təklif olunur.

Layihəyə əsasən, Cinayət-Prosessual Məcəlləsində də uyğunlaşdırma xarakterli dəyişikliklər edilir və 208-ci maddəyə istinadlar çıxarılır.

Bundan başqa, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda informasiya ehtiyatlarının yerləşdirilməsi və məhdudlaşdırılması ilə bağlı müddəalar dəqiqləşdirilir, bəzi informasiya növləri üzrə istisnalar müəyyən olunur.

Qanun layihəsinə əsasən, Cinayət Məcəlləsinin 208-ci maddəsinin ləğvi və bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.