“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında ikinci oxunuşda qəbul edilib.
SİA xəbər verir ki, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 25-ci bəndlərinə uyğun olaraq hazırlanıb.
Dəyişikliklərə əsasən, qanunun 20-ci maddəsinə yeni – 20.0.36-cı bənd əlavə edilir. Yeni müddəaya görə, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş Ələt Azad İqtisadi Zonasında tamamilə istehsal edilmiş və ya kifayət qədər emal olunmuş Azərbaycan mənşəli malların ən azı 50 faizinin ölkə hüdudlarından kənara ixrac edilməsi şərti ilə həmin malların əsas iqtisadiyyata gətirilməsi gömrük rüsumundan azad olunacaq.
Qeyd olunub ki, bu güzəşt malları istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən etibarən 15 il müddətində tətbiq ediləcək.
Qanun layihəsinə əsasən, dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.