Milli Məclis elektron ictimai iştirakçılıqla bağlı qanunvericiliyə dəyişiklikləri üçüncü oxunuşda qəbul edib

7 İyul 2026 11:04 (UTC+04:00)

“Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında üçüncü oxunuşda qəbul edilib.

SİA xəbər verir ki, dəyişikliklər ictimai dinləmə və ictimai müzakirələrin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təşkil olunmasının hüquqi əsaslarının yaradılmasını nəzərdə tutur.

Sənədə əsasən, ictimai dinləmə və ictimai müzakirələrin təşkili və keçirilməsi ilə bağlı məlumatların, ictimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı, habelə Milli Məclis Aparatında qeydiyyata alınmış qanun layihələrinə dair əlaqəli məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə açıqlanması təmin ediləcək.

Bundan başqa, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Qanuna edilən dəyişikliklərlə qanunvericilik təşəbbüsünün elektron qaydada həyata keçirilməsi zamanı sənədlərin və məlumatların Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi, təşəbbüs qrupu sədrinin elektron kabinetdən istifadə etməsi, eləcə də elektron poçt və SMS vasitəsilə məlumatlandırma kimi prosedurların hüquqi tənzimlənməsi nəzərdə tutulur.

Qeyd olunub ki, dəyişikliklər mövcud prosedurların daha operativ həyata keçirilməsinə, vaxt itkisinin azaldılmasına, şəffaflığın artırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.