...Möhtəşəm işlərə kölgə salmağa çalışanlar
İlahi söz xəlq olunandan Allahın elçilərindən tutmuş dünyanın dahi adamları, filosofları və elm adamlarına qədər, hamı onun saflığı, gerçəkləri aydınlatmağı və həqiqətləri ifadə etməyi uğrunda mübarizə aparmışdır. Tarixdə haqqın yolundan dönməyib gerçək sözün ifadəsi naminə canını qurban verən fədailər olmuşdur. Çünki söz ilahinin bizə bəxş etdiyi müqəddəs varlıqlardan biridir. Vay o günə ki, o müqəddəs sözü çirkin niyyətlərin, qara əməllərin quluna çevirib tamaha, kibrə və qərəzə qurban edəsən.
Çox təəssüf ki, XXI əsrin texnoloji imkanlarından istifadə edib bu yola düşənlər xeyli artıb. Mətləbi niyə uzadım, söhbət, böhtan və qərəz püskürən bir çox elektron mediadan, sosial şəbəkələrdən gedir. Əslində minlərlə insan kimi mən də belə media səhifələrinə çox nadir baxıram. Çünki onların böyük əksəriyyətində o qədər yersiz, heç bir əhəmiyyət daşımayan mənasız, əksər hallarda isə qərəz dolu materiallar olur ki, açıb baxmağına peşman olur və dərhal da düyməni basıb söndürməli olursan. Adını çəkib “reklam etmək” istəmədiyim o saytlardan biri uzun müddət vicdanla çalışdığım Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun regional strukturları haqqında elə iftira və böhtan dolu materiallar vermişdi ki, düzünü desən, çox pis əsəbləşdim. Çünki çox gözəl bilirdim ki, dərc edilən materialların real işlərlə heç bir əlaqəsi yoxdur. Amma çifayda...

Adını jurnalist qoymuş, həqiqətdə isə jurnalist peşəsinin prinsiplərindən, jurnalist kodeksinin tələblərindən xəbəri belə olmayan bu cızma-qaraçıların “yaradıcılığı” ilə elə ilk tanışlıqdan aydın olur ki, onlar bu müqəddəs peşəni xalqa xidmət vasitəsi kimi deyil, tamahlarını doyurmaq, çirkin niyyətlərinə çatmaq üçün istifadə etməyə çalışırlar. Axı jurnalistdən hadisələri qərəzsiz işıqlandırmağı, faktları şəxsi fikirlərdən ayırmağı və verilən informasiyadan auditoriyanın özünün nəticə çıxarmasına imkan verməsi tələb edilir.
Təəssüf doğuran məqam odur ki, nədən söz açırlarsa əsla məntiqə sığmayan fikirlər irəli sürürlər. Kiminsə söylədiyi istənilən bir fikri heç bir əsas göstərmədən qara boyayıb manşetə çıxarırlar. Arqument yox, istinad etdikləri bir mənbə yox, fakt əsla göstərilmir, sadəcə qulaqlarına fısıldanan nə varsa qara boyayıb dövlət strukturlarını böhtan atəşinə tuturlar.
Demokratik ölkə olaraq vətəndaşlara fikir, söz, əqidə və etiqad azadlığına dair konstitusiya hüquqlarını həyata keçirməyə imkan verilir. Amma bu o demək deyil ki, fikir və söz azadlığı pərdəsi altında saxta arqumentlərlə hakimiyyət strukturlarına təzyiq göstərilsin, sübutsuz ittiham edilsin. Baxın, qanunla cinayət törətmiş insan belə təqsirsizlik prizumsiyasına görə məhkəmənin qərarı olmadan cani, cinayətkar adlandırıla bilməz. Amma bunlar heç nəyə məhəl qoymurlar, çünki bilmirlər ki, obyektiv reportaj, xəbər və s. cəmiyyət, auditoriya və jurnalistlərin özləri tərəfindən media üçün müəyyən edilmiş bir normadır.

Haqqında söz açdığım saytlardan biri əvvəlcə heç bir fakta, arqumentə və mənbəyə söykənmədən, müəllifi bəlli olmayan bir materialda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin istənilən bir strukturuna qara yaxır, sonda yazır: “Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq”. Cənablar, bu artıq jurnalistika deyil, dövlət strukturuna, məmuruna, elə onların jarqonu ilə desək “tələ” qurmaqdır.
Əgər bu saytların təsisçilərinin jurnalistikadan az-çox xəbəri olsaydı, bilməliydilər ki, ona bu yazını sifariş verən, dövlət qurumunu və onun rəsmilərini ittiham edən, ancaq adını çəkmədiyi adamı dinlədiyi kimi, dövlət qurumunu da, onun rəsmilərini də dinləyib, araşdırma aparıb sonra “ittihamlarını” sayta yerləşdirməli idi. “Sonradan atılan daş isə topuğa dəyər” deyiblər.
Uzun illər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrində çalışmışam. Bütün bu illərdə Azərbaycanın ekologiyasını, xüsusilə təbiətini qorunmağı özümə həm vəzifə, həm də vətəndaşlıq borcu hesab etmişəm. Ekoloq- jurnalist kimi respublikanın tanınmış rəsmi qəzetlərində, son illərdə isə elektron media vasitələrində yüzlərlə tədqiqat xarakterli məqalələrim, tənqidi yazılarım dərc edilib. Uzun illər çalışdığım qurumda görülən işlərdən, dövlət başçısının göstərişi ilə həyata keçirilən layihələrdən, xüsusilə erməni vandalizminə məruz qalmış Qarabağdakı təbiətimizin bərpası istiqamətində görülən ağlagəlməz nəhəng işlərdən yetərincə geniş məlumatım var. Haqqında söz açdığım saytlardan birinin bütün fəaliyyət tarixini araşdırdım ki, görüm, bu mütərəqqi işlərin hər hansı birindən bir cümlə yazıblarmı? Yox, əsla rastıma belə bir şey çıxmadı. Nəinki ekologiya sahəsindəki genişmiqyaslı bərpa və quruculuq işlərindən, heç 6 il əvvəl azad edilmiş Qarabağda həyata keçirilən möhtəşəm quruculuq işlərindən bir kiçik xəbərə belə rast gəlmədim.
Bu gün bir iki saytın ağı qara yazmağının nədən qaynaqlandığı da müəyyən mənada mənə aydındır. Cəmi 6 aydan da az bir müddət əvvəl Nazirliyə yeni təyin olunmuş rəhbər müəyyən araşdırmalar aparandan sonra bəzi sahələrdə kadr islahatlarının aparılmasını vacib hesab edib. Bu gözlənilən idi, çünki istənilən dövlət qurumunda olduğu kimi, burada da vəzifə öhdəliklərini yerinə yetirə bilməyən kadrların işdə saxlanması ümumi işin heç də xeyrinə olmur. Məhz islahata məruz qalan kadrlar bir çox hallarda özlərinin əməllərini başqasının adından bu tip qondarma saytlara sızdıraraq, (əslində sifariş verərək) necə deyərlər, yeni rəhbərdən qisas almağa çalışırlar. Amma eldə bir məsəl var: “Yel qayadan nə aparar”.

Təkcə ekologiya sahəsində çalışmış dövlət qulluqçusu kimi deyil, həm də bir tədqiqatçı, ekoloq-jurnalist, yazıçı olaraq cənab Prezidentimizin sərəncamı ilə bu il fevralın 10-da Rəşad İsmayılov Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Naziri təyin olunandan onun fəaliyyətini diqqətlə izləyirəm. Tam səmimi deyim ki, Rəşad müəllimin fəaliyyətə başladığı ilk gündən ekologiya sahəsində ötən onilliklərdə yığılıb qalmış problemlərin və nöqsanların həllinə, respublikanın meşə ərazilərində qanunsuz kommersiya obyektlərinin özbaşınalığına son qoyulmasına, təbii sərvətlərimizin qorunması naminə nəzarətin gücləndirilməsinə yönəldiyini görəndə son dərəcə sevinmişdim. Öz-özümə demişdim ki, nəhayət ki, təbiətə doğma övladı kimi yanaşan bir insan vəzifə quruma rəhbər gəldi. Xüsusilə, meşələrimizin, flora və faunamızın mühafizəsi ilə əlaqədar verdiyi tapşırıqlar və qəbul etdiyi qərarlar həqiqətən son dərəcə ciddi bir məmurun öz vəzifəsinə nə qədər məsuliyyətlə, dövlət başçısının göstərdiyi etimadı doğrultmaq üçün necə əzmlə və qətiyyətlə çalışdığını göstərirdi.
Rəşad İsmayılovun nazir kimi fəaliyyətə başlamasının 6 ayı tamam olmamış ona qara yaxmaq, ötən illərdən qalmış nöqsanları və problemləri onun adına çıxmaq ən azından insafdan və ədalətdən deyil, sonra da dinə-imana sığmır. Axı biz nə vaxta qədər işə can yandıran, ciddi və qətiyyətli kadrlara qarşı belə ədalətsiz davaranarıq?!
Rəşad İsmayılovun rəhbərlik etdiyi nazirliyin Qarabağda həyata keçirdiyi ekoloji tarazlığın bərpası, təbiətin canlandırılması və regionun yaşıl inkişaf modelinə uyğun şəkildə qurulması sahəsindəki layihələr bir ekoloq kimi məni heyran edir. Çünki uzun illər işğal altında qalan torpaqlarda ekosistem ciddi zərər görüb, meşələr məhv edilib, su mənbələri çirklənib, torpaq örtüyü eroziyaya uğrayıb, bir sözlə Qarabağ torpağı ekosidə məruz qalıb. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hazırlanan hesabatda belə bəzi üzdəniraq media vasitələrindən tam fərqli şəkildə qeyd olunur ki, Qarabağ və Şərqi Zəngəzurda ekosistemin bərpası uzun illər və milyardlarla manat vəsait tələb edir. Bu gün isə həmin ərazilərdə həyata keçirilən yaşıllıq hərəkatı ilə bağlı təşəbbüslər Azərbaycanın ekoloji siyasətinin ən mühüm istiqamətlərindən birinə çevrilib. Bu layihələr təkcə təbiətin bərpasını deyil, həm də gələcək nəsillər üçün dayanıqlı inkişaf mühitinin formalaşdırılmasını hədəfləyir. Füzuli, Zəngilan, Cəbrayıl, Kəlbəcər və Laçın kimi rayonlarda yeni meşə massivlərinin salınması, “yaşıl enerji zonası” konsepsiyası çərçivəsində bərpaolunan enerji mənbələrinin tətbiqi, ekoturizmin təşviqi və biomüxtəlifliyin qorunması istiqamətində ardıcıl addımlar atılır.

Məhz cənab Prezidentin tapşırığı ilə nazirliyin rəhbəri ekoloji sahəyə müasir düşüncəyə və yanaşmaya sahib yeni kadrların hazırlanması işinə də mühüm bir vəzifə kimi baxır və bu sahədə ciddi addımlar atılmaqdadır. Ekologiyanın müasir planetar problemlərinə ciddi yanaşma və təbiətə sevgi ruhunda hazırlanacaq bu kadrlar çox yəqin ki, gələcəkdə Azərbaycanıns eksisteminin gələcəyin ciddi çağırışlarına hazır olmasına mühüm töhfə verəcəklər.
Ölkədə yaşıllaşdırma tədbirləri də son illərdə geniş vüsət almışdır. Yeni meşə massivlərinin salınması, deqradasiyaya uğramış torpaqların bərpası, biomüxtəlifliyin qorunması və ağacəkmə kampaniyaları ekoloji tarazlığın bərpasına xidmət edir. Xüsusilə iqlim dəyişikliklərinin təsirlərinin azaldılması baxımından meşələrin artırılması karbonun udulmasında mühüm rol oynayır. Bununla yanaşı, milli parkların və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi nadir flora və fauna növlərinin qorunmasına əlavə imkanlar yaradır.
1990–2020-ci illər arasında meşə fondunun təxminən 60 faizinin məhv edildiyi Qarabağda indi hektarlarla yeni meşə zolaqları salınıb. Zəngilan şəhərinin girişində 55 ha, Ağdam rayonu ərazisində 11 ha, Cəbrayıl rayonunda isə 74 ha sahədə yeni yaşıllıqlar salınıb, 100 hektara yaxın meşə fondu sahəsində əkin və səpin işləri aparılıb.
“Yaşıl Qarabağ” ideyası artıq real layihələrdə, sahəvi təşəbbüslərdə və regionun yeni inkişaf strategiyasında öz əksini tapır. 2050-ci ilə qədər isə azad olunmuş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması planlaşdırılır. Son illərdə start götürən “Qarabağda yaşıllıq hərəkatı” həm milli həmrəylik, həm də beynəlxalq əməkdaşlıq nümunəsi kimi Azərbaycanın yaşıl gələcəyinə gedən yolun ən parlaq simvoluna çevrilib. Bu gün Qarabağda qurulan hər yeni şəhər, quraşdırılan hər günəş paneli, təmizlənən hər hektar torpaq gələcək nəsillər üçün daha təmiz, təhlükəsiz və davamlı həyatın təməlini qoyur. Qarabağ və Şərqi Zəngəzur artıq dağıntı və fəlakət simvolu deyil, yaşıl dirçəlişin, innovasiyanın və sülhün rəmzinə çevrilir.
İşğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 avtomat hidroloji stansiya, eləcə də bu ərazilərdə hidrometeorloji vəziyyətin öyrənilməsi məqsədilə 5 avtomat meteoroloji və 4 radioekoloji stansiya quraşdırılaraq isifadəyə verilib.

Son 20 il ərzində təkcə Bakı şəhərində 100-dən çox park və yaşıllıq zonası salınıb. Son illərin uğurları kimi, Axar-Baxar və İlisu Milli Parklarının yaradılması ilə mühafizə olunan ərazilər şəbəkəsinin ölkə miqyasında genişləndirilməsini, Qarabağ və Şərqi Zəngəzurda yeni milli parkların yaradılması işlərinə başlanılmasını göstərmək olar.
Son illərdə Azərbaycanda ekologiya sahəsində həyata keçirilən islahatlar və layihələr göstərir ki, ölkə yalnız bugünkü ekoloji problemlərin həllinə deyil, həm də gələcək nəsillər üçün sağlam və dayanıqlı mühitin formalaşdırılmasına yönəlmiş strateji kurs seçmişdir. Yaşıl enerji layihələri, yaşıllaşdırma proqramları, su ehtiyatlarının qorunması, tullantıların idarə olunmasının təkmilləşdirilməsi və beynəlxalq iqlim təşəbbüslərində fəal iştirak Azərbaycanın ekoloji inkişaf modelinin əsas sütunlarını təşkil edir.
Bu sadaladığım faktlar görülən işlərin çox az bir hissəsidir. Amma nəzərə almaq lazımdır ki, ekoloji siyasətin uğuru yalnız dövlət məmurlarında, həyata keçirilən dövlət proqramlarında deyil, cəmiyyətin, xüsusilə də medianın fəallığından da asılıdır. Unutmaq olmaz ki, təbiətin qorunması yalnız bugünkü nəslin deyil, gələcək nəsillərin qarşısında da mənəvi və vətəndaşlıq borcudur. Məhz bu məsuliyyət hissi Azərbaycanın ekoloji siyasətinin əsas fəlsəfəsini təşkil edir. İndi bu saytların əməkdaşlarına sual verirəm, siz nədən bunları görmürsünüz? Məgər yaxşını yazmaq, tərəqqini cəmiyyətə göstərmək qəbahətdirmi? Yox, yox, bunu yazmaq üçün sadəcə Vətənə sevgi və peşənə məsuliyyətli yanaşma lazımdır.

Bəxtiyar HÜSEYNOV,
tədqiqatçı ekoloq, yazıçı-jurnalist