“Günvurma uzun müddət güclü günəş şüalarına və yüksək hərarətə məruz qalma nəticəsində yaranan, xüsusilə uşaqlarda və yaşlılarda daha çox rast gəlinən təhlükəli vəziyyətdir. Tibbdə bu hal “heat stroke” adlanır və təcili tibbi müdaxilə tələb edən, həyati təhlükə yarada bilən vəziyyət hesab olunur”.
Bu sözləri SİA-ya açıqlamasında pediatr Qoşqar İsmayılov bildirib.
Onun sözlərinə görə, günvurmanın əsas əlamətləri bədən hərarətinin 40°C və ya daha yüksək olması, güclü baş ağrısı, başgicəllənmə, halsızlıq, ürəkbulanma, qusma, dərinin isti və quru olması (bəzi hallarda isə tərləmənin davam etməsi), nəfəs darlığı, şüurun qarışması, yuxululuq (somnolensiya) və ya aqressiv davranışdır:
”Ağır hallarda qıcolmalar da müşahidə oluna bilər. Belə vəziyyətdə ilk yardım çox vacibdir. Zərərçəkən dərhal kölgəli və ya sərin yerə aparılmalı, üzərindəki artıq geyimlər çıxarılmalı və ya boşaldılmalıdır. Boyun, qoltuqaltı və qasıq nahiyələrinə soyuq kompres qoyulmalı, bədən sərin su ilə isladılmalı, ventilyator və ya kondisionerin köməyi ilə soyudulmalıdır.
Əgər zərərçəkənin huşu aydındırsa, ona kiçik qurtumlarla su vermək olar. Lakin huşu aydın deyilsə, ağızdan maye verilməsi qətiyyən tövsiyə edilmir.
Aşağıdakı hallarda mütləq təcili tibbi yardım çağırılmalıdır: huş pozğunluğu olduqda, qıcolma müşahidə edildikdə, bədən hərarəti 40°C-dən yuxarı olduqda, nəfəsalma çətinləşdikdə və ya ürək ritmində ciddi pozğunluq (aritmiya) yarandıqda.
Günvurmanın qarşısını almaq üçün günün ən isti saatlarında, xüsusilə 11:00–17:00 aralığında birbaşa günəş altında qalmamaq tövsiyə olunur. Eyni zamanda, bol maye qəbul edilməli, açıq rəngli və yüngül geyimlər seçilməli, gün eynəyindən və günəşdən qoruyucu kremlərdən istifadə olunmalıdır. Bu tövsiyələr xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəliyi olan şəxslər üçün böyük əhəmiyyət daşıyır”.