“Media və Yayım Şurasının yaradılması Azərbaycanın media idarəçiliyində yeni institusional mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu addım ilk növbədə media və yayım sektorunda vahid koordinasiya mexanizminin formalaşdırılmasına, qərarların daha operativ qəbul edilməsinə və idarəetmənin optimallaşdırılmasına xidmət edir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev SİA-ya açıqlamasında deyib.
Baş redaktor bildirib ki, müasir dövrdə informasiya məkanı sürətlə dəyişir, rəqəmsal platformaların inkişafı isə media siyasətinə yeni yanaşmalar tələb edir. Belə şəraitdə vahid mərkəzdən idarəetmə təkcə inzibati üstünlük deyil, həm də strateji zərurətdir. Bu model televiziya, radio, rəqəmsal yayım və digər media seqmentləri arasında koordinasiyanı gücləndirəcək, normativ-hüquqi tənzimləmənin daha çevik həyata keçirilməsinə imkan verəcək.
"Eyni zamanda, idarəetmənin optimallaşdırılması resurslardan daha səmərəli istifadəyə, təkrarlanan funksiyaların aradan qaldırılmasına və dövlət-media münasibətlərində institusional çevikliyin artırılmasına şərait yaradacaq. Bu, həm media subyektlərinin fəaliyyətinə dəstəyin gücləndirilməsi, həm də informasiya təhlükəsizliyi, peşəkarlıq standartları və milli maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Hesab edirəm ki, Media və Yayım Şurasının fəaliyyəti təkcə inzibati dəyişiklik deyil, həm də Azərbaycan mediasının yeni inkişaf mərhələsinə keçidini təmin edəcək mühüm islahatdır. Bu qurumun effektiv fəaliyyəti media mühitində sağlam rəqabətin, peşəkar jurnalistikanın və müasir yayım standartlarının daha da möhkəmlənməsinə, ölkənin informasiya siyasətinin vahid strateji xətt üzrə həyata keçirilməsinə mühüm töhfə verəcək."-deyə, B.Quliyev əlavə edib.