İncəsənət məktəb və mərkəzlərinə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsinə başlanılıb

6 İyul 2026 15:14 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin tabeliyindəki incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulunun ixtisas və məktəb seçimi mərhələsi keçirilir. Müsabiqə iyulun 6-dan 20-dək davam edəcək.

Nazirlikdən SİA-ya bildirilib ki, qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər “My Culture” vahid şəxsi kabinet sistemi üzərindən qeydiyyatdan keçdikləri hesab vasitəsilə ixtisas və məktəb seçimi edə bilərlər. Hər bir namizədə 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək imkanı verilir.

Xarici ölkə vətəndaşları müvafiq regional mədəniyyət idarəsinə yaxınlaşaraq məktəb və ixtisas seçimi edə biləcəklər. Qəbul prosesi ödənişsiz təhsil üzrə aşağıdakı yaş hədləri çərçivəsində həyata keçirilir:

* fortepiano, simli alətlər — 7 illik təhsil: 6–8 yaş

* fortepiano, simli, nəfəs, zərb və xalq çalğı alətləri — 5 illik təhsil: 9–12 yaş

Vokal, estrada oxuma, xanəndəlik və xor ixtisasları üzrə:

* vokal, estrada oxuma və xanəndəlik — 5 illik təhsil: 7–11 yaş

* xor ixtisası — 7 illik təhsil: 7–10 yaş

Təsviri sənət ixtisasları üzrə:

* rəssamlıq və heykəltəraşlıq — 4 illik təhsil: 8–12 yaş

Xoreoqrafiya ixtisası üzrə:

* 5 illik təhsil: 6–10 yaş

Ödənişli əsaslarla təhsil üçün minimum yaş hədləri saxlanılmaqla maksimum yaş 40 olaraq müəyyən edilib.

Qeyd edək ki, qəbul prosesi müsabiqə prinsipi əsasında həyata keçirilir. Namizədlər topladıqları bala uyğun olaraq ixtisaslar üzrə reytinq sırası ilə yerləşdirilir və müəyyən olunmuş plan yerləri çərçivəsində qəbul olunurlar. Hər bir ixtisas və məktəb üzrə plan yerə sonuncu qəbul olunan namizədin balı keçid balı hesab edilir.

Məktəb və ixtisas seçiminin nəticələri elan olunduqdan sonra namizəd, yaxud onun valideyni (qanuni nümayəndəsi) sistem üzərindən təhsil alacağını təsdiqləyir və tələb olunan sənədləri (sağlamlıq haqqında tibbi arayışı, xarici ölkə vətəndaşları üçün isə əlavə olaraq Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini) sistemə yükləyir.