"İndi al, sonra ödə" borclanma prinsipləri əsasında inkişaf etdirilməlidir" - EKSPERT

6 İyul 2026 14:36 (UTC+04:00)

"İndi al, sonra ödə" (Buy Now, Pay Later – BNPL) modeli bu gün dünyanın bir çox ölkəsində, o cümlədən ABŞ və Avropa dövlətlərində geniş tətbiq olunur. Xüsusilə gənclər arasında bu xidmətlərə maraq yüksəkdir".

Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov səsləndirib. Onun sözlərin görə, bu model istehlakçılar üçün müəyyən rahatlıqlar yaratsa da, xüsusilə rəsmi və sabit gəliri olmayan gənclər arasında nəzarətsiz borclanma riskini artırır:

"Əsas problem ondan ibarətdir ki, bəzi hallarda istifadəçilərin ödəniş qabiliyyəti tam qiymətləndirilmədən məhdud yoxlama prosedurları əsasında maliyyə öhdəlikləri formalaşdırılır. Nəticədə gənclər gələcək gəlirlərini əvvəlcədən xərcləyir, aylıq ödəniş yükü artır və şəxsi büdcələrini idarə etməkdə çətinliklərlə üzləşirlər.

Bundan əlavə, eyni anda bir neçə platformanın xidmətlərindən istifadə ümumi borc yükünün daha da artmasına səbəb ola bilər. Bu tendensiya təkcə ayrı-ayrı vətəndaşların maliyyə vəziyyətinə deyil, uzunmüddətli perspektivdə maliyyə sektoruna da təsirsiz ötüşmür. Gecikmiş ödənişlərin və problemli borcların artması maliyyə risklərini yüksəldir, istehlak kreditləri bazarında əlavə təzyiq yaradır. Xidmətlərin əhatə dairəsi genişləndikcə isə bu risklərin sistemli xarakter alma ehtimalı daha da artır.

Bu baxımdan, "indi al, sonra ödə" xidmətlərinin inkişafı ilə paralel olaraq məsuliyyətli kreditləşmə prinsiplərinin tətbiqi, müştərilərin ödəmə qabiliyyətinin obyektiv qiymətləndirilməsi, borc öhdəliklərinin vahid kredit məlumat bazalarında əks etdirilməsi və maliyyə savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu istiqamətdə paralel mexanizmlərin tətbiqi bazar üçün ən optimal yanaşmadır.

Müasir rəqəmsal maliyyə alətlərinin inkişafı iqtisadiyyat üçün olduqca vacibdir. Lakin innovasiya ilə maliyyə təhlükəsizliyi arasında balans mütləq qorunmalıdır. Xüsusilə gənclərin həddindən artıq borclanmasının qarşısını almaq üçün effektiv nəzarət və qiymətləndirmə mexanizmləri tətbiq edilməlidir.

Sağlam maliyyə sistemi yalnız kreditlərin əlçatanlığı ilə deyil, eyni zamanda məsuliyyətli borclanmanın və dayanıqlı maliyyə davranışının təşviqi ilə formalaşır. Bu prinsip qorunduğu halda iqtisadi ekosistemin maraqlarına da hər hansı mənfi təsir yaranmır.

Hazırda problemli kreditlərin son illərdə artmasının əsas səbəbləri sırasında məsuliyyətsiz borclanma, maliyyə savadlılığının aşağı olması və kredit portfelinin genişlənməsi dayanır. Bu amillərin hamısı bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Məhz buna görə də məsələyə kompleks yanaşılmalıdır. Bazara yeni maliyyə məhsulu təqdim olunarkən onun gələcəkdə problemli kreditə çevrilməməsi üçün bütün risklər əvvəlcədən nəzərə alınmalı və zəruri tənzimləmə mexanizmləri formalaşdırılmalıdır".

Lətifə Abdıyeva