“Bu çox ciddi problemdir. Çünki rəsmi əmək müqaviləsi olmadan çalışan insanlar yaşa dolduqda pensiya fondunda kifayət qədər kapital toplamamış olurlar. Məhz buna görə də pensiya yaşına çatdıqda ciddi sosial-iqtisadi çətinliklərlə üzləşirlər”.
Bu fikirləri SİA-ya açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, sosioloq Ağasəlim Həsənov deyib.

Onun sözlərinə görə, rəsmi şəkildə işləməyən şəxslərə pensiya yaşına çatdıqda yalnız minimum pensiyanın təyin olunması onların maddi və sosial vəziyyətinə mənfi təsir göstərir:
“Minimum pensiya təminatı qənaətbəxş olmadıqda bu qrup vətəndaşlar gələcəkdə ciddi çətinliklərlə üzləşəcəklər. Yaş artdıqca insanların sağlamlıq, müalicə, istirahət və digər sahələr üzrə xərcləri də artır. Bu baxımdan, rəsmi işləməyən insanlar gələcəkdə minimum pensiya aldıqları zaman maddi problemlərlə qarşılaşırlar.
Bu tendensiya gələcəkdə yaşlı insanlar arasında yoxsulluq səviyyəsinin artmasına səbəb ola bilər.
Düşünürəm ki, cəmiyyət və dövlət olaraq bu məsələyə ciddi yanaşmalıyıq. İnsanlar əmək fəaliyyəti ilə məşğul olurlarsa, bunu mütləq rəsmi şəkildə həyata keçirməlidirlər. Bu, onların gələcək həyat təminatı baxımından olduqca vacibdir. Belə olan halda, yaşlandıqda işlədikləri müddətdə topladıqları pensiya kapitalı hesabına daha layiqli pensiya ala bilərlər.
Bu kateqoriyaya aid şəxslərin deyil, ümumilikdə bütün pensiyaçıların sosial təminatının gücləndirilməsinə ehtiyac var.
Hazırkı dövrdə qiymət artımları bütün sahələrdə hiss olunur. Buna görə də pensiya məbləğlərinin artırılması vacibdir ki, pensiyaçılar gündəlik tələbatlarını rahat şəkildə ödəyə bilsinlər. Bu məsələ həm dövlət, həm də vətəndaşlar üçün həssasdır. İnanıram ki, dövlət sosial siyasət çərçivəsində bu istiqamətdə ardıcıl addımlar atmağa davam edəcək".
Lətifə Abdıyeva