“ “Whatsapp” yazışmaları və telefon danışıqları sübut kimi məhkəmədə istifadə oluna bilər.
Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallara dair yalnız qanunla müəyyən olunmuş qaydada əldə olunan məlumatlar sübutlar hesab olunur”.
Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, whatsapp yazışmaları şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir:
“Qanunu pozmaqla əldə olunmuş sübutlar dedikdə şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə olunan sübutlar nəzərdə tutulur.
Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Plenum Qərarına əsasən mübahisənin tərəfləri arasında olan telefon danışıqları (whatsapp yazışmaları) və səs yazıları şəxsi toxunulmazlıq hüququnun pozuntusu sayılmır və məhkəmədə sübut qismində qəbul edilə bilər.
Belə ki, həmin danışıqlar və whatsapp yazışmaları mübahisənin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları digər ifadələrindən fərqlənmir.
Məsələn, məhkəməyə pul tələbinə dair iddia ərizəsi ilə müraciət edirsinizsə, cavabdehlə aranızda olan whatsapp yazışmaları və ya səs yazılarını da sübut kimi məhkəməyə təqdim edə bilərsiniz. İddia tələbiniz sübutlarla təsdiqini taparsa, iddianın təmin və ya qismən təmin edilməsi barədə qətnamə qəbul olunur.
whatsapp yazışmaları məhkəmədə sübut kimi qəbul edilə bilər. Lakin həmin yazışmaların etibarlılığı və kimə məxsus olması qiymətləndirilir. Məhkəmədə iddia qaldırılarkən whatsapp yazışmaları məhkəməyə təqdim edilsə də, təkcə ekran görüntüsü təqdim edilməsi avtomatik olaraq həmin məlumatın həqiqiliyini sübut etmir. Qarşı tərəf yazışmanı inkar etdikdə məhkəmə əlavə araşdırma və ya ekspertiza təyin edə bilər.qarşı tərəf yazışmanı inkar edə bilər, bu halda məhkəmə əlavə araşdırma və ya ekspertiza təyin edə bilər. Məhkəməyə whatsapp yazışmaları barədə ekran görüntüləri; telefonun özü təqdim edilə bilər.
Xüsusilə ailə, borc (pul), əmək mübahisələrində whatsapp yazışmaları tez-tez yazılı sübut kimi istifadə olunur. Cinayət işlərində də müəyyən hallarda sübut əhəmiyyəti daşıya bilər, lakin onların qanuni yolla əldə edilməsi vacibdir.
Konstitusiyanın 32-ci maddəsinin üçüncü bəndinə əsasən öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Qanunsuz yolla, yəni şəxsi toxunulmazlıq hüququnun pozulması ilə əldə edilmiş telefon danışıqları (telefon danışıqlarının gizli yayılması, telefon danışıqlarının çıxarılması) məhkəmədə sübut kimi qəbul oluna bilməz. Lakin qarşı tərəfin də məlumatı olmaqla yazılmış telefon danışıqlarını məhkəməyə sübut kimi təqdim etmək olar.
Konstitusiya Məhkəməsinin 12 aprel 2021 ci il tarixli Qərarına mübahisənin tərəfləri arasında olan telefon danışıqları (whatsapp yazışmaları) və səs yazılarının hansı halda sübut kimi qəbul edilməsinə aydınlıq gətirilmişdir. Belə ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz.
Belə ki, həmin danışıq və whatsapp yazışmaları əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi yol veriləndir və həmin danışıqlar qanunu pozmaqla əldə edilmiş sübut sayılmır və məhkəmədə sübut qismində qəbul edilə bilər”.