“Rəqəmsal texnologiyaların sürətli inkişafı sosial şəbəkələri gündəlik həyatın ayrılmaz hissəsinə çevirib. Bu platformalar insanların ünsiyyət qurması, informasiya əldə etməsi, fikir mübadiləsi aparması və ictimai proseslərdə fəal iştirak etməsi üçün geniş imkanlar yaradır”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrin nəzarətsiz istifadəsi, xüsusilə uşaqlar və yeniyetmələr üçün bir sıra sosial, psixoloji və mənəvi risklər formalaşdırır:
”Bu səbəbdən rəqəmsal mühitdə uşaqların müdafiəsi son illərdə beynəlxalq səviyyədə prioritet istiqamətlərdən birinə çevrilib.
Müasir dövrdə dünyanın bir çox ölkəsində uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə müxtəlif hüquqi və texniki mexanizmlər tətbiq edilir. Bu yanaşmalar sosial şəbəkələrin qadağan olunmasına deyil, yaşa uyğun istifadənin təmin edilməsinə, valideyn nəzarətinin gücləndirilməsinə və uşaqların təhlükəsiz rəqəmsal mühitdə inkişafına xidmət edir. Belə yanaşma informasiya azadlığı ilə uşaqların təhlükəsizliyi arasında balansın qorunmasına əsaslanır.
Azərbaycan da qlobal inkişaf meyillərini və beynəlxalq təcrübəni nəzərə alaraq uşaqların rəqəmsal mühitdə müdafiəsinin gücləndirilməsi istiqamətində yeni hüquqi tənzimləmələrin hazırlanmasına başlayıb. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb.
Sərəncamda qeyd olunur ki, sosial münasibətlərin sürətlə rəqəmsallaşması, sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşlarda daxil olması, informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının əhəmiyyətli dərəcədə artması mövcud hüquqi tənzimləmənin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından yenidən qiymətləndirilməsini zəruri edir. Bu baxımdan Nazirlər Kabinetinə sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini nəzərdə tutan normativ hüquqi aktların layihələrinin hazırlanaraq müəyyən olunmuş müddətdə dövlət başçısına təqdim edilməsi tapşırılıb.
Hazırlanan hüquqi mexanizmlərdə 16 yaşadək uşaqların müəyyən sosial şəbəkə platformalarında hesab yaratmasına yol verilməməsi, 16–18 yaş arasında olan şəxslərin isə valideyn razılığı ilə qeydiyyatdan keçməsi nəzərdə tutulur. Bu yanaşma uşaqların informasiya təhlükəsizliyinin təmin olunmasına, onların psixoloji və mənəvi inkişafının qorunmasına, eləcə də rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasına xidmət edən müdafiə sisteminin mühüm elementlərindən biri hesab olunur.
Məsələyə “sosial şəbəkələrə qadağa” kimi yanaşmaq doğru olmazdı. Əslində söhbət sosial şəbəkələrdə qeydiyyat zamanı yaş yoxlanılması mexanizminin tətbiqindən və uşaqların zərərli rəqəmsal təsirlərdən qorunmasından gedir. Məqsəd uşaqların informasiya əldə etmək hüququnun məhdudlaşdırılması deyil, onların yaş xüsusiyyətlərinə uyğun olmayan məzmunlardan müdafiəsinin təmin edilməsidir.
Elmi tədqiqatlar göstərir ki, uşaqların və yeniyetmələrin yaş səviyyəsinə uyğun olmayan rəqəmsal məzmunlarla erkən təması onların emosional vəziyyətinə, davranış modelinə, sosial münasibətlərinə və şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərə bilir. Xüsusilə zorakılığı, aqressiyanı, kiberzorakılığı, şəxsi həyata müdaxiləni, əxlaqa və milli-mənəvi dəyərlərə zidd davranışları təbliğ edən məzmunların nəzarətsiz yayılması uşaqların psixoloji sağlamlığı üçün ciddi risklər yaradır. Belə məzmunlar bəzən uşaqlar tərəfindən təqlid olunur, onların davranış normalarına çevrilir və ailə-məktəb münasibətlərinə də mənfi təsir göstərir.
Digər tərəfdən, sosial şəbəkələr təhsil, elm, mədəniyyət, vətənpərvərlik, sağlam həyat tərzi və milli-mənəvi dəyərlərin təbliği baxımından da mühüm imkanlar yaradır. Buna görə də əsas məqsəd sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmaq deyil, uşaqlar üçün təhlükəsiz rəqəmsal mühit formalaşdırmaq, faydalı məzmunun əlçatanlığını artırmaq və zərərli təsirləri minimuma endirməkdir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər dövlətin uşaqların müdafiəsi sahəsində həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir. Azərbaycan qanunvericiliyində uşaqların sağlamlığının və rifahının qorunması məqsədilə müxtəlif yaş məhdudiyyətləri artıq tətbiq edilir. Belə ki, yetkinlik yaşına çatmayan şəxslərə siqaret və alkoqollu içkilərin satışı, pornoqrafik materiallara çıxış, müəyyən təhlükəli vasitələrin əldə edilməsi qanunla məhdudlaşdırılıb. Sosial şəbəkələrdə yaş yoxlanılması mexanizminin tətbiqi də eyni hüquqi məntiqə əsaslanaraq uşaqların təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Bu sahədə hüquqi baza artıq mövcuddur. Belə ki, 2018-ci ildə qəbul edilmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun təmin edilməsi və onların zərərli informasiyadan müdafiəsi sahəsində mühüm hüquqi mexanizmlər müəyyən edib. Hazırda hazırlanmaqda olan dəyişikliklər həmin qanunun rəqəmsal platformalar üzərində tətbiqinin daha da təkmilləşdirilməsinə və müasir texnoloji çağırışlara uyğunlaşdırılmasına xidmət edir.
Qanunun qəbulundan sonra onun 12 ay müddətində qüvvəyə minməsi nəzərdə tutulur. Bu müddət ərzində yaş yoxlanılması tətbiq ediləcək sosial şəbəkə platformalarının siyahısının müəyyənləşdirilməsi, texniki həllərin hazırlanması, maarifləndirmə və ictimai məlumatlandırma tədbirlərinin həyata keçirilməsi planlaşdırılır. Bu keçid dövrü həm dövlət qurumlarının, həm platformaların, həm də cəmiyyətin yeni tənzimləmə mexanizmlərinə uyğunlaşmasına şərait yaradacaq.
Beynəlxalq təcrübə göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunması artıq qlobal təhlükəsizlik və sosial inkişaf siyasətinin mühüm istiqamətlərindən biridir. Bir çox dövlətlər yaş təsdiqi sistemləri, valideyn nəzarəti mexanizmləri və rəqəmsal təhlükəsizlik standartlarını tətbiq etməklə uşaqlar üçün daha sağlam və təhlükəsiz internet mühiti formalaşdırmağa çalışırlar.
Komitə sədri vurğuladı ki, sosial şəbəkələrdə yaş yoxlanılması mexanizminin tətbiqi informasiya azadlığının məhdudlaşdırılması deyil, uşaqların hüquqlarının, fiziki və psixoloji sağlamlığının, mənəvi inkişafının və təhlükəsiz rəqəmsal gələcəyinin təmin edilməsinə yönəlmiş müasir hüquqi və sosial tənzimləmə modelidir. Bu yanaşma fərdin, ailənin, cəmiyyətin və dövlətin ümumi maraqlarına xidmət etməklə yanaşı, gələcək nəslin sağlam, təhlükəsiz və məsuliyyətli rəqəmsal mühitdə formalaşmasına mühüm töhfə verə bilər”.