Dünya yaranandan bu günümüzə qədər insanların ən çox zərər gördüyü, adı gələndə vahimələndiyi təbii fəlakətlər sırasında ən dəhşətlisi zəlzələlər hesab olunur. Elm mərkəzləri, dünyanın tanınmış alimləri zəlzələlərin hansı halda necə və nə zaman baş verə biləcəyini öyrənə bilməyib. Baxmayaraq ki, bunun üçün dünya ölkələri milyardlarla maliyyə vəsaitləri xərcləsələr də, nəticə əldə olunmayıb. Bu da gözlənilməz halda insanların yaxalanmasına, şəhər və qəsəbələrin, kəndlərin dəhşətli fəlakətə bürünməsinə gətirib çıxarır. Sadəcə, elm mərkəzləri az qala fərziyyələr, ehtimallar əsasında zəlzələlərlə bağlı rəylər açıqlayır, mövqelər bildirirlər. İddialara görə, zəlzələnin intensivliyi 12 bala bölünmüş seysmik cədvəllə - Rixter şkalası ilə ölçülür. Bu cədvələ görə, 1 bal-hiss olunmayan, 2 bal-çox zəif, 3 bal-zəif, 4 bal-orta, 5 bal-nisbətən güclü, 7 bal çox güclü, 8 bal-dağıdıcı, 9 bal-viranedici, 10 bal-məhvedici, 11 bal fəlakətli, 12 bal-ən fəlakətli zəlzələ sayılır. Zəlzələlər yaranma şəraitinə görə 3 tipə ayırır: Denudasiya, Vulkanik və Tektonik zəlzələlər. Fəalakətli zəlzələr daha çox 9 ballıq zəlzələlərlə başlayır. Bu zaman bütün binaların zədələnməsi, ümumi çaxnaşma, heyvanların qışqırığı və qaçışması müşahidə edilir. On ballıq zəlzələ baş verən zaman dəmir-beton karkas binaların divarlarında birbaşa çatlar, uçma, bəzən isə binanın tam dağılması, adi kərpic, iribloklu və panel binalar, həmçinin çiy kərpicdən kənd evlərinin tam dağılması müşahidə olunur. On bir ballıq zəlzələ zamanı ən yüksək keyfiyyətlə tikilmiş körpülər, bəndlər, binalar dağılır, dəmir yolları ciddi zədələnir, yeraltı boru kəmərləri və magistral şosse yolları yararsız hala düşür. 12 bala bölünmüş seysmik cədvəlin Rixter şkalasının 12-ci zirvəsində həyat demək olar ki, sönür. Yerüstü bütün tikililər sıradan çıxır, yer səthinin dəyişməsi, qruntlarda böyük yerdəyişmələrlə müşayiət olunan iri çatlar, dağ uçqunları müşahidə olunur, göllər, şəlalələr əmələ gəlir, çaylar istiqamətini dəyişir. Bu zaman sağ qalmaq, fəlakətdən qaçmaq, demək olar ki, mümkünsüz görünür. Allah bəşəriyyəti, sevilən və seçilən tərəqqipərvər xalqları, millətləri, o cümlədən Azərbaycan xalqını belə fəlakətli zəlzələlərdən hifz etsin.
Zəlzələlər necə yaranır?
Zəlzələləri öyrənən elm mərkəzləri iddia edirlər ki, zəlzələlər yeraltı zərbələr və Yerin üst qatının titrəməsidir. Bu, həm tektonik proseslərlə, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunur. Vulkanların püskürməsi zamanı da kiçik yeraltı təkanlar baş verə bilər. Zəlzələ Yerdə baş verən dinamik proseslər nəticəsində yaranır. Planetin daxilindəki enerji tədricən toplanır və hər hansı yerdə süxurların müqavimət qabiliyyətindən artıq olduqda, onların parçalanması və ya çatlaması ilə müşayiət olunur. Bu, hər tərəfə yayılan və öz yolu qarşısındakı maddələri rəqsi hərəkətə gətirən elastik dalğalar yaradır. Süxurların ilk parçalanma yeri zəlzələnin mərkəzi sayılır. Mərkəzdə titrəyiş həmişə qısa müddətli olur və sonra ətrafa yayılır.
Yerin özəyi və qabığı arasındakı litosfer layları zəlzələlərin yaranmasında böyük rol oynayır. Bu zaman müxtəlif layların sürüşməsi və toqquşması zamanı yaranan gərginlik boşalması yeraltı təkanlara səbəb olur. Müxtəlif dövrlərdə müxtəlif ərazilərdə minlərlə insanın həyatının itirilməsinə, şəhərlərin, kəndlərin və qəsəbələrin dağıdılmasına səbəb olan zəlzələlər baş verib.
Zəlzələ ilə məşğul olan elmə seysmologiya deyilir. Zəlzələləri öyrənən mərkəzlərin araşdırmalarından sonra gəldikləri qənaətə görə, dünyada indiyədək ən dağıdıcı gücə malik zəlzələ 1960-cı il mayın 22-də Çilinin Valdiviya şəhərində qeydə alınıb. "Böyük Çili zəlzələsi" kimi tarixə düşən zəlzələ Rixter cədvəli ilə 9,5 bal olub. 28 mart 1964-cü ildə Alyaskada baş verən 9,2 bal gücündəki zəlzələ ikinci ən güclü zəlzələ kimi qeydə alınıb. 3 dəqiqə davam edən zəlzələ sunamiyə səbəb olub. Zəlzələ və onu izləyən nəhəng dalğalar 128 nəfərin ölümünə və təxminən 310 milyon dollar ziyana səbəb olub. 26 dekabr 2004-cü ildə Hind okeanının Sumatra adasının sahillərində baş verən bu zəlzələ 40 ölkədə təxminən 230000 insanın ölümü ilə 21-ci əsrə damğasını vurdu. Bu, dünya tarixində qeydə alınmış üçüncü ən böyük zəlzələ idi. 8,3 dəqiqə ilə 10 dəqiqə arasında davam edən zəlzələ indiyə qədər görülən ən uzun müddətə malik olub. 2011-ci il martın 11-də baş verən zəlzələ Yaponiyanın şimal-şərqindəki Honsyu sahillərində, 24 km dərinlikdə qeydə alınıb. Zəlzələdən sonra bölgədə hündürlüyü 37,9 metr olan sunami dalğaları baş verib. Sunami ölkəyə böyük ziyan vurub. Zəlzələ nəticəsində 15900 nəfər həyatını itirib, 2531 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Zəlzələləri öyrənən ABŞ Geologiya xidməti qeyd edir ki, bu günə qədər ən çox insan tələfatına səbəb olan zəlzələ 1556-cı il yanvarın 23-də Çində qeydə alınıb. Şensi əyalətində baş verən 8 bal gücündəki zəlzələ 830 min insanın həyatına son qoyub. Azərbaycanda baş verən dağıdıcı zəlzələ dünya tarixinin ən dəhşətli zəlzələrdən hesab olunur. 1667-ci ildə Şamaxıda baş verən 6.9 bal gücündə zəlzələ zamanı 80 min insan həlak olmuşdur, şəhər demək olar ki, tamamilə dağılmışdır. Bu dəhşətli zəlzələ ABŞ Geologiya xidmətinin hazırladığı 28 böyük zəlzələ siyahısına daxil olub. Şamaxıda 1902-ci ildə baş verən və eyni gücə malik daha bir zəlzələ isə 2 min insanın ölümü ilə nəticələnib. 1139-cu ildə Gəncədə baş verən 6.3 bal gücündə olan zəlzələdə isə 230 min, bəzi məlumatlara görə isə 300 min insan həlak olub. Göy-gölün yaranması da bu zəlzələ ilə əlaqələndirilir.
Venesuelada baş verən dəhşətli zəlzələ elm mərkəzlərini hərəkətə gətirib
Elmin, texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq yenə də elm zəlzələlərin nə zaman baş verəcəyini müəyyənləşdirməkdə acizdir. Bu günlər Venesuelada baş verən dəhşətli zəlzələ elmin fəlakətin qarşısını almaqda çarəsiz olduğunu nümayiş etdirdi. Məlum oldu ki, elə təbii fəlakətlər və xəstəliklər var ki, onların baş verə biləcəyini əvvəlcədən müəyyənləşdirmək və ya aradan qaldırmaq, müalicə etmək, sağaltmaq mümkünsüzdür. Yəqin ki, bunun üçün zamana ehtiyac var, həmin zaman isə hələ ki, yetişməyib. Ona görə hələ də zəlzələlər, vulkanlar, müxtəlif xəstəliklər milyonlarla insanın canını almaqda davam edir. Görünən isə ondan ibarətdir ki, Venesuelada baş verən dəhşətli zəlzələ dünya alimlərini hərəkətə gətirib. Artıq Böyük Britaniya, ABŞ, Fransa, Yaponiya, Almaniya və digər ölkələrin zəlzələləri öyrənən alimləri bir araya gəliblər. Vaşinqitonda mövzu üzrə təşkil olunan konfransda alimlər əməkdaşlığa dair razılaşma əldə ediblər. Dünən isə konfrans iştirakçıları Venesueləyə səfər edib və zəlzələlərin baş verdiyi ərazilərə baxış keçiriblər.
Məlum olduğu kimi, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib. Zəlzələ nəticəsində həlak olanların sayı 2 min 595 nəfərə çatıb. Bu barədə ölkənin müvəqqəti prezidenti vəzifəsini icra edən Delsi Rodriges bildirib. O itkin düşənlərin sayı ilə bağlı dəqiq məlumat verməyib. KİV-in yaydığı qeyri-rəsmi məlumatlara görə, itkin düşənlərin sayı təxminən 38 min 500 nəfərə çatır. Rodriges hökumətin iki zəlzələnin yaratdığı dağıntılara gec reaksiya verməsi ilə bağlı iddiaları da təkzib edib: "Bu, miqyasını təsəvvür belə edə bilmədiyimiz təbii faciə idi. Baxmayaraq ki, ölkəmizdə seysmik hadisənin baş verə biləcəyini bilirdik". O əlavə edib ki, axtarış-xilasetmə əməliyyatları davam edir: "Biz hələ də sağ qalan insanları tapa bilərik".
Delsi Rodriges onu da bildirib ki, Venesuelanın La-Quayra ştatının demək olar ki, bütün vəzifəli şəxsləri baş verən şiddətli zəlzələlərdə həlak olublar: "Venesuelada təbii fəlakətdən sonra təcili yardım sistemləri dərhal işə salınıb. La-Quayra ştatındakı demək olar ki, bütün vəzifəli şəxslər həlak olub və 189 bina tamamilə dağılıb. Zəlzələlər nəticəsində ölənlərin sayı 2595 nəfərə çatıb".
Rodriges neçə nəfərin itkin düşdüyü barədə məlumatı açıqlamayıb. Qeyri-rəsmi media məlumatlarına görə, itkin düşənlərin sayı təxminən 38.500 nəfərdir. Onun sözlərinə görə, "axtarış və xilasetmə işləri hələ də davam edir.
Məlumatlara görə, zərər çəkmiş 3 142 ailə evlərini itirib və hazırda xüsusi sığınacaqlara yerləşdirilib. Venesuelanın səhiyyə sisteminin onilliklər boyu baxımsız qalmasından sonra xəstəxanalar zərərçəkənlərin müalicəsinin öhdəsindən çətinliklə gəlir.Bəzi ölkələr, o cümlədən ABŞ zəlzələnin nəticələrinin aradan qaldırılması üçün faciə yerinə axtarış-xilasetmə qruplarını göndərib: "Bu gün 80 nəfərlik iki axtarış-xilasetmə qrupu Venesuelaya yola düşüb. Bu təcrübəli xilasedicilər Dövlət Departamentinin rəhbərliyi altında ABŞ hökumətinin zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə səylərinə qoşulacaqlar".
İ.ƏLİYEV