“Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizi logistika mərkəzinə çevirib” - DEPUTAT DANIŞDI

6 İyul 2026 12:07 (UTC+04:00)

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Bu bəyanat ölkəmizin beynəlxalq nüfuzunun artmasının, həyata keçirilən uzaqgörən xarici siyasətin və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq modelinin növbəti təsdiqidir”.

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərləri münasibətlərdə formalaşan yeni dinamikanın göstəricisidir:

”Bu təmaslar siyasi dialoqun dərinləşdiyini, qarşılıqlı etimadın möhkəmləndiyini və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndiyini göstərir.
Azərbaycan bu gün Avropa İttifaqının etibarlı enerji tərəfdaşı kimi strateji əhəmiyyətini daha da artırır. Ölkəmizin təbii qaz ixracının artması, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfə və enerji sahəsində strateji tərəfdaşlığın uğurla inkişafı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən enerji siyasətinin nəticəsidir. Xüsusilə hazırkı geosiyasi şəraitdə Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi daha da güclənmişdir.
Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi Avrasiyanın mühüm logistika mərkəzlərindən birinə çevirir. Nəqliyyat və logistika infrastrukturuna qoyulan böyük investisiyalar regionun iqtisadi inkişafına və beynəlxalq ticarətin genişlənməsinə mühüm töhfə verir.
Bəyanatda xüsusi diqqət çəkən məsələlərdən biri də bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi oldu. Azərbaycanın zəngin günəş, külək və su enerji potensialının beynəlxalq tərəfdaşlarla birgə inkişaf etdirilməsi ölkəmizin yaşıl enerji strategiyasının uğurla həyata keçirildiyini göstərir. Qarşıdakı illərdə reallaşdırılacaq yeni layihələr Azərbaycanın Avropanın yaşıl enerji təhlükəsizliyində də mühüm tərəfdaş kimi mövqeyini möhkəmləndirəcək.
Cənab Prezident İlham Əliyevin regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı verdiyi mesajlar da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın sülh gündəliyinə sadiqliyi, humanitar və iqtisadi etimad tədbirləri, regionda dayanıqlı sülhün və əməkdaşlığın təmin olunmasına yönəlmiş təşəbbüsləri ölkəmizin konstruktiv mövqeyini bir daha nümayiş etdirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, sülh artıq yalnız siyasi bəyanat deyil, real həyatda özünü göstərən bir prosesə çevrilməkdədir.
Avropa Komissiyasının regionda sülh və əməkdaşlıq təşəbbüslərinə dəstək verməyə hazır olması Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq regionun gələcək inkişafı, iqtisadi inteqrasiyası və xalqlar arasında etimadın gücləndirilməsi üçün yeni imkanlar yaradır.
Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, enerji və nəqliyyat təhlükəsizliyinin təminatçısı, eyni zamanda regionda sülhün və sabitliyin təşəbbüskarı kimi mövqeyini gündən-günə daha da möhkəmləndirir. Bu uğurlar ölkəmizin beynəlxalq nüfuzunun artmasına, iqtisadi inkişafına və vətəndaşlarımızın rifahına xidmət edən strateji siyasətin məntiqi nəticəsidir”.