Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib

6 İyul 2026 11:00 (UTC+04:00)

Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib.

Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazirliyin təşəbbüsü ilə milli musiqi alətlərinin standartlaşdırılması istiqamətində mühüm mərhələ başa çatıb. AZSTAND-44 Texniki Komitəsinin hazırladığı kamança ailəsinin dörd ölçüsü üzrə milli standartlar rəsmi qaydada təsdiqlənib.

Təsdiq olunan standartlar Azərbaycanda ilk dəfə olaraq kamança alətinin ölçülərini, konstruktiv xüsusiyyətlərini və istehsal parametrlərini vahid texniki normalar əsasında müəyyən edir. Bu, Azərbaycanda milli musiqi alətləri üzrə ilk sistemli standartlaşdırma layihəsi olmaqla, qeyri-maddi mədəni irsin qorunması, elmi əsaslarla inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm nailiyyət hesab olunur.

Milli musiqi alətlərinin vahid standartlarının hazırlanması məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə təşəbbüsü ilə 2023-cü ildə AZSTAND-44 Texniki Komitəsi yaradılıb. Komitənin fəaliyyətini tənzimləyən ikiillik Tədbirlər Planı 2024-cü ildə təsdiq olunub və hazırda plana uyğun olaraq milli standartların hazırlanması prosesi ardıcıl şəkildə davam etdirilir.

Kamança ailəsinin dörd ölçüsü üzrə hazırlanmış standart layihələri cari ilin əvvəlində Texniki Komitənin üzvlərinə təqdim olunub, layihələrə dair mütəxəssis rəyləri toplanaraq ümumiləşdirilib və hazırlanmış alət nümunələrinin ekspert qiymətləndirilməsinin keçirilməsi qərara alınıb.

Bu ilin may ayının 26-sı və iyunun 25-i Azərbaycan Milli Konservatoriyasında keçirilən ekspertiza iclaslarında komitə üzvləri hazırlanmış kamança nümunələrinin layihə standartlarına uyğunluğunu qiymətləndiriblər. Aparılmış ekspertiza və səsvermənin nəticələrinə əsasən alətlərin müəyyən edilmiş texniki parametrlərə tam uyğun olduğu təsdiq edilib.

İyunun 29-da AZSTAND-44 Texniki Komitəsinin növbəti iclası keçirilib. Komitə üzvlərinin iştirakı ilə keçirilən iclasda kamança ailəsi üzrə hazırlanmış milli standart layihələri rəsmi səsvermə yolu ilə qəbul olunub. Bununla da Azərbaycanda milli musiqi alətlərinin standartlaşdırılması istiqamətində ilk hüquqi-normativ baza formalaşdırılıb.

Standart layihələri Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Alətləri Laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanıb. Elmi-tədqiqat prosesi çərçivəsində 150-dən artıq kamança nümunəsi üzərində ölçmələr aparılıb, konstruktiv göstəricilər və proporsiyalar müəyyənləşdirilib, statistik təhlillər əsasında vahid standart parametrlər formalaşdırılıb. Bu metodologiya hazırlanmış standartların həm elmi əsaslılığını, həm də praktik tətbiq imkanlarını təmin edir.

Qeyd edək ki, kamança Azərbaycan musiqi mədəniyyətinin ən qədim və dəyərli simvollarından biridir. Alət UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. AZSTAND-44 Texniki Komitəsinin fəaliyyəti çərçivəsində gələcək mərhələdə digər milli xalq çalğı alətləri üzrə də standartların hazırlanması nəzərdə tutulur.