Körpələr niyə böyüklərdən daha tez günvurmaya məruz qalır? - HƏKİM AÇIQLADI

6 İyul 2026 10:10 (UTC+04:00)

Xüsusilə körpələr yay istilərinə daha həssas olurlar. Havanın temperaturu çox yüksəldikdə və günəş şüaları birbaşa uşağın üzərinə düşdükdə günvurma riski artır. Bunun əsas səbəbi odur ki, körpələrdə bədən temperaturunu tənzimləyən mexanizm hələ tam formalaşmayıb. Ona görə də onlar istiyə böyüklərlə müqayisədə daha həssas reaksiya verirlər.

Bu sözləri SİA-ya açıqlamasında pediatr Xəyalə Quliyeva deyib.

O bildirib ki, valideynlər ilk növbədə uşağı nazik və pambıq geyimlərlə geyindirməlidirlər. Sintetik parçalardan mümkün qədər uzaq durmaq, uşağı üst-üstə qalın geyindirməmək lazımdır:

“Otağın temperaturunun təxminən 22 dərəcə olması, otağın tez-tez havalandırılması vacibdir. Kondisionerdən istifadə edilirsə, temperaturun təxminən 24 dərəcədə saxlanılması daha məqsədəuyğundur.

Körpəni birbaşa günəş şüalarından qorumaq lazımdır. Xüsusilə günəşin daha kəskin olduğu saatlarda açıq havada uzun müddət qalmaq məsləhət görülmür. Çöldə olarkən kölgəli yerlərə üstünlük verilməli, uşaq arabasından istifadə edilirsə üstü kölgəliklə örtülməli, körpənin başına mütləq günəş papağı qoyulmalıdır.

Əgər uşaq ana südü ilə qidalanırsa, onu daha tez-tez əmizdirmək lazımdır. Ana südünün böyük hissəsi sudan ibarət olduğu üçün isti havalarda körpənin maye ehtiyacını da qarşılayır.

Əgər uşaqda sidiyin azalması, dəridə quruluq, halsızlıq kimi əlamətlər müşahidə olunursa, bunlar susuzlaşmanın göstəricisi ola bilər. Belə hallarda uşağı daha tez-tez əmizdirmək və vəziyyətini diqqətlə izləmək vacibdir.

Əgər bədən hərarəti 38 dərəcədən yuxarı qalxarsa, uşaqda güclü halsızlıq, tənəffüs çətinliyi, davamlı narahatlıq və ya digər ağır əlamətlər yaranarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır”.

Ayşən Vəli