“Ankara regionda sülh və təhlükəsizlik mühiti yaratmaqda maraqlıdır”

4 İyul 2026 20:16 (UTC+04:00)

Münaqişələrin davamlı həlli yalnız regional ölkələrin iradəsi və dəstəyi ilə mümkündür. Ankara sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsi naminə qardaş ölkələrlə, xüsusən də Pakistanla həmrəydir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında bildirib.

O, Türkiyənin gərginliyi azaltmaq və münaqişələri diplomatik yollarla həll etmək səylərini davam etdirdiyini qeyd edib. “Ankara etnik və dini mənsubiyyətindən asılı olmayaraq regionun bütün sakinləri üçün sülh və təhlükəsizlik mühiti yaratmaqda maraqlıdır”, - deyə Prezident Ərdoğan əmin edib.

Türkiyə lideri Pakistanın vasitəçiliyi ilə əldə edilən ABŞ-İran razılaşmalarını alqışlayıb. “İslamabadın vasitəçiliyi ilə əldə edilən razılaşmalar sayəsində region rahat nəfəs alıb. Danışıqlar çox çətin keçdi, ona görə də dialoqun səmərəliliyinə görə Pakistanı bir daha təbrik etmək istərdim”, - deyə Prezident Ərdoğan bildirib.