Bakı və Daşkənd parlamentlərarası dialoqun genişləndirilməsini hədəfləyir

4 İyul 2026 12:43 (UTC+04:00)

Azərbaycan və Özbəkistan parlamentləri parlamentlərarası qarşılıqlı fəaliyyətin genişləndirilməsi istiqamətində iş aparır, tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsini hədəfləyir.

SİA Özbəkistan Senatına istinadən xəbər verir ki, bu məsələ Ali Məclis Senatının sədri Tənzilə Narbayevanın Azərbaycanın ölkədəki diplomatik missiyasını başa vuran səfiri Hüseyn Quliyevlə görüşündə müzakirə olunub.

Görüş zamanı tərəflər dostluq, qardaşlıq, qarşılıqlı etimad və müttəfiqlik prinsiplərinə əsaslanan Özbəkistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

"Görüşdə tərəflər vurğulayıblar ki, iki dövlət liderlərinin siyasi iradəsi və etimada əsaslanan münasibətləri sayəsində Özbəkistan-Azərbaycan əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Son illərdə siyasi dialoq əhəmiyyətli dərəcədə fəallaşıb, müqavilə-hüquq bazası möhkəmlənib, ticari-iqtisadi, investisiya, regionlararası və mədəni-humanitar əlaqələr genişlənir. Xüsusi diqqət parlamentlərarası qarşılıqlı fəaliyyətə yönəldilib. Vurğulanıb ki, iki ölkənin parlamentləri tərəfindən ali səviyyədə əldə olunmuş razılaşmaların qanunvericiliklə müşayiət olunması üzrə sistemli iş aparılır", - məlumatda bildirilib.

Söhbət zamanı T.Narbayeva və H.Quliyev iki ölkənin müvafiq komitələri və parlamentlərarası əməkdaşlıq qrupları arasında əlaqələrin daha da genişləndirilməsinin, habelə beynəlxalq parlament təşkilatları platformalarında qarşılıqlı fəaliyyətin fəallaşdırılmasının vacibliyini qeyd ediblər.