Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər enerji təhlükəsizliyi, ticarət, nəqliyyat və yaşıl enerji sahələrində sürətlə dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlibdir. Bu əməkdaşlıq dəyişən qlobal geosiyasi şərait fonunda həm Avropanın enerji təhlükəsizliyi, həm də Cənubi Qafqazın iqtisadi və siyasi sabitliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.
İkitərəfli münasibətlərə yüksək səviyyəli səfərlər də öz müsbət töhfəsini verməkdədir. Cari ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın, iyulun 1-də isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfərləri münasibətlərin ardıcıl və sistemli inkişaf etdiyini təsdiqləyir.
Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı dövlət başçımız İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirildi, daha sonra prezidentlər mətbuata bəyanatla çıxış etdilər.
Dövlət başçımızın mətbuata bəyanatı təkcə ikitərəfli əlaqələrin hazırkı vəziyyətini deyil, həm də enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, yaşıl enerji, regional sabitlik və Cənubi Qafqazın gələcək inkişaf modeli ilə bağlı Azərbaycanın strateji baxışını əks etdirdi.
Bu günlərdə Azərbaycan ilə Avropa Komissiyası arasında yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi qarşılıqlı etimadın möhkəmləndiyini göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan ilə Avropa Komissiyası arasında görünməmiş dinamika formalaşıb və hər iki tərəf əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində siyasi iradə nümayiş etdirir.
Bu dinamikanın əsas sütunlarından biri iqtisadi və ticarət əməkdaşlığıdır. Avropa İttifaqı uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır və ölkənin xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu məhz Avropa bazarı ilə bağlıdır. Eyni zamanda, Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşıdır və region üzrə ümumi ticarətin təxminən 70 faizi Azərbaycanın payına düşür. Bu göstəricilər ölkəmizin regional iqtisadi mərkəzə çevrildiyini və Avropa üçün etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirdiyini nümayiş etdirir.
Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji əsasını isə enerji əməkdaşlığı təşkil edir. 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu yeni səviyyəyə yüksəltdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmin sənədin imzalanmasından sonra Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artıb və hazırda Azərbaycanın qaz ixracının yarısı Avropa İttifaqının üzv dövlətlərinə yönəldilir. Artıq Avropa İttifaqının on üzv dövləti Azərbaycan qazından istifadə edir və gələcəkdə bu coğrafiyanın daha da genişlənməsi üçün real potensial mövcuddur.
Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Bu reallığı nəzərə alan Azərbaycan uzun illər ərzində enerji resurslarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması üçün geniş infrastruktur yaradıb, milyardlarla dollar həcmində investisiyalar yatırıb və çoxtərəfli əməkdaşlıq mexanizmləri formalaşdırıb. Bu baxımdan Cənub Qaz Dəhlizi qlobal enerji əməkdaşlığının ən uğurlu layihələrindən biri hesab olunur. Təxminən 3500 kilometrlik vahid boru kəməri sistemi Xəzər hövzəsinin enerji ehtiyatlarını Avropa bazarı ilə birləşdirərək Azərbaycanın geoiqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan istiqamətlərdən biri də nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına böyük həcmdə investisiyalar yatıraraq Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevrilib. Yeni geosiyasi reallıqlar fonunda beynəlxalq yükdaşımaların həcminin artması dəniz limanlarının, dəmir yolu xətlərinin və logistika infrastrukturunun genişləndirilməsini zəruri edir. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi layihələrlə Avropa ilə Asiya arasında etibarlı nəqliyyat bağlantılarının formalaşmasını təmin edir.
Azərbaycan–Avropa Komissiyası əməkdaşlığının yeni və perspektivli istiqaməti bərpaolunan enerji sahəsidir. Son illər ölkədə yaşıl enerji strategiyasının həyata keçirilməsi Azərbaycanın enerji siyasətinə yeni məzmun qazandırıb. Prezident İlham Əliyevin açıqladığı məlumata əsasən, artıq imzalanmış müqavilələr yaxın beş-altı il ərzində ölkədə əlavə səkkiz giqavat günəş və külək enerjisi istehsal etməyə imkan verəcək. Bu göstərici Azərbaycanın təkcə karbohidrogen ixracatçısı deyil, həm də gələcəyin yaşıl enerji təchizatçılarından biri olmaq istiqamətində inamla irəlilədiyini göstərir. Xəzər dənizinin külək potensialı, günəş enerjisi imkanları və yeni elektrik ötürmə xətlərinin yaradılması Avropa ilə enerji əməkdaşlığının daha da şaxələndirilməsinə xidmət edəcək.
Görüş zamanı regional təhlükəsizlik və Cənubi Qafqazda davamlı sülh məsələləri də geniş müzakirə olunub. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin uğurla davam etdiyini vurğulayaraq, ötən ilin avqustunda Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin və sülh sazişi mətninin paraflanmasının regionda yeni siyasi reallıq yaratdığını bildirib. Dövlət başçısının ifadə etdiyi kimi, artıq de-fakto sülh mövcuddur və bunun müsbət nəticələri praktik müstəvidə hiss olunur.
Dövlətimiz sülh gündəliyinin həyata keçirilməsi istiqamətində konkret addımlar ataraq ərazimiz vasitəsilə Ermənistana daşınan yüklərə tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb, eyni zamanda Ermənistana yanacaq məhsullarının ixracına başlayıb. Bu addımlar göstərir ki, Bakı sülhü real iqtisadi əməkdaşlıq və regional qarşılıqlı etimad mühitinin yaradılması vasitəsilə möhkəmləndirmək niyyətindədir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan torpaqlarını işğaldan azad etməklə öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib, bundan sonra isə regionda sülh təşəbbüslərinin müəllifinə çevrilib. Bu gün Azərbaycanın əsas məqsədi sülhü uzunmüddətli və dayanıqlı etmək, Cənubi Qafqazı qarşıdurma məkanından əməkdaşlıq və tərəfdaşlıq regionuna çevirməkdir. Bu baxımdan Avropa Komissiyasının normallaşma prosesinə göstərdiyi siyasi dəstək və mümkün praktik töhfələr regional sabitliyin möhkəmlənməsinə mühüm təsir göstərə bilər.
Nəticə etibarilə, Avropa Komissiyasının Prezidentinin Bakıya səfəri və Prezident İlham Əliyevin səsləndirdiyi strateji mesajlar göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq yeni keyfiyyət mərhələsinə daxil olur. Enerji təhlükəsizliyi, yaşıl enerji, beynəlxalq nəqliyyat dəhlizləri, iqtisadi inteqrasiya və regional sülh bu tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir. Azərbaycan öz geostrateji mövqeyi, etibarlı tərəfdaş imici və müstəqil xarici siyasəti ilə Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin təmin edilməsində aparıcı aktorlardan biri kimi çıxış edir. Eyni zamanda, ölkənin təşəbbüsü ilə formalaşan sülh və əməkdaşlıq gündəliyi Cənubi Qafqazın gələcək inkişafının əsas təminatlarından biri kimi beynəlxalq əhəmiyyət kəsb edir.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini