Bursada “Xarıbülbül” xor qrupunun konserti təşkil olunub

3 İyul 2026 18:01 (UTC+04:00)

Türkiyənin Bursa şəhərində “Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyi”nin nəzdində fəaliyyət göstərən “Xarıbülbül” xor qrupu tərəfindən konsert proqramı təşkil olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, müxtəlif siyasi partiyaların nümayəndələri, bələdiyyə rəsmiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dərnək və federasiya təmsilçiləri, eləcə də çoxsaylı sənətsevərlərin iştirak etdiyi konsertdə Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları səsləndirilib.

Tamaşaçılar Azərbaycan musiqisinin zəngin irsi ilə yaxından tanış olmaq imkanı qazanıblar. Proqram çərçivəsində “Arşın mal alan” filmindən səhnəciklər nümayiş etdirilib, saz ifaları təqdim olunub, həmçinin Azərbaycan milli rəqsləri böyük maraqla izlənilib.

Tədbirin açılışında çıxış edən “Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyi”nin sədri Lətifə Nağdəliyeva Azərbaycan ilə Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlıq münasibətlərindən, ortaq tarix, dil və mədəniyyət bağlarından danışıb. O bildirib ki, musiqi və incəsənət xalqları bir-birinə daha da yaxınlaşdıran ən güclü körpülərdəndir. Nağdəliyeva vurğulayıb ki, dərnək bundan sonra da Azərbaycanın zəngin mədəni irsinin Türkiyədə tanıdılması istiqamətində fəaliyyətini davam etdirəcək.

Daha sonra çıxış edən Yıldırım Bələdiyyəsinin sədr müavini Ahmet Aras Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin hər sahədə olduğu kimi mədəniyyət sahəsində də uğurla inkişaf etdiyini bildirib. O, iki dövlətin “Bir millət, iki dövlət” prinsipi əsasında hər zaman bir-birinin yanında olduğunu vurğulayaraq belə tədbirlərin iki xalq arasındakı mənəvi bağları daha da gücləndirdiyini qeyd edib.

Proqramda iştirak edən “Eskişehir Azərbaycanlılar Dərnəyi”nin sədri, Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Cavid Aydın çıxışında “Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyi”nin fəaliyyəti nəticəsində həyata keçirdiyi uğurlu layihələri yüksək qiymətləndirib. O, eyni zamanda tədbirin əhəmiyyətindən danışaraq Azərbaycanın milli-mənəvi dəyərlərinin xaricdə yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından belə proqramların mühüm rol oynadığını vurğulayıb.

Böyük maraq və alqışlarla qarşılanan konsert proqramı iştirakçılarda xoş təəssüratlar yaradıb.

Tədbirin sonunda çıxış edən qonaqlar belə mədəni layihələrin Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirərək təşkilatçılara və səhnədə çıxış edən bütün sənətçilərə təşəkkür ediblər.