“Məqsədimiz ölkədə ən çox oxunan media qurumuna çevrilməkdir“ - MÜSAHİBƏ

3 İyul 2026 17:07 (UTC+04:00)

SİA "BİG Media"MMC-nin direktoru Emil Əkbərov ilə müsahibəni təqdim edir:

Emil bəy, Azərbaycanda media sahəsində hazırda gedən islahatları və ümumi prosesləri necə qiymətləndirirsiniz? Bu dəyişikliklər medianın inkişafına hansı təsirləri göstərir?

-Son illər xüsusilə də Vətən müharibəsindən sonrakı illərdə müasir dövrdə informasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrildi. Media sektorunda aparılan islahatlar peşəkar jurnalistikanın inkişafı ilə yanaşı həm də milli maraqların qorunmasına xidmət edən strateji istiqamət kimi ön plana çıxır. Son 6 il ərzində bu sahədə həyata keçirilən dəyişikliklər göstərir ki, dövlət media sisteminin dayanıqlılığını artırmaqla yanaşı həm də onun iqtisadi və institusional əsaslarını möhkəmləndirmək üçün ardıcıl siyasət yürüdür. Hətta deyərdim ki, Azərbaycanın media siyasətində yeni mərhələnin əsası Vətən müharibəsinin başa çatmasından sonra oldu. Möhtəşəm qələbədən sonra Prezident İlham Əliyevin media sektorunda islahatların dərinləşdirilməsi ilə bağlı göstəriş verdi. Ölkə başçısının bu tapşırığı bir daha göstərdi ki, dövlət informasiya sahəsini milli inkişaf strategiyasının mühüm tərkib hissəsi hesab edir. Ən önəmlisi isə Azərbaycan mediasının gələcək çağırışlara hazır olmasını vacib hesab edir. İnformasiya texnologiyalarının sürətli inkişafı media sahəsində ənənəvi sərhədləri aradan qaldırıb, bir vaxtlar bir-birindən fərqli seqmentlər hesab olunan çap, onlayn və audiovizual media indi vahid informasiya ekosisteminin tərkib hissələri kimi fəaliyyət göstərirlər.

Rəqəmsal ekosistemin yaratdığı yeni reallıq medianın iqtisadi müstəqilliyinin təmin olunması üçün daha çevik və kollegial idarəetmə mexanizmlərinə ehtiyac yaradir. Milli informasiya təhlükəsizliyinin qorunması üçün vacibdir. Düşünürəm ki, bu ehtiyac Azərbaycanda media idarəçiliyinin yeni modelə keçidini aktuallaşdıran əsas amillərdən biridir.

Bu gün Medianın İnkişafı Agentliyi və Audiovizual Şura bir-birini tamamlayan funksiyalar yerinə yetirir. Hər iki qurumun fəaliyyəti müxtəlif istiqamətləri əhatə etsə də, onların ortaq məqsədi eynidir. Yeni informasiya məkanının inkişafı və tənzimlənməsidir. Medianın İnkişafı Agentliyinin yaradılması media sahəsində qarşıdakı dövr üçün nəzərdə tutulan hədəflərin gerçəkləşməsində stimulverici amil olması idi. Elə də oldu. Medianın İnkişafı Agentliyinin keçirdiyi müsabiqə, xüsusilə də onlayn medai üçün keçirdiyi müsabiqə onu göstərdi ki, KİVDF-nin dövründə olduğu kimi artıq onlayn media diqqətdən kənar qalmayacaq. Ən önəmlisi isə Medianın İnkişafı Agentliyi üçün peşəkarlıq əsas amildir. Bu gün əminliklə deyə bilərik ki, cənab prezidentin fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi yarandıgi vaxtdan ona olan ümidləri doğrultdu. Agentlik tərəfindən təşkil olunan seminarlar, onlayn və çap media ilə bağlı keçirilən müsabiqə, nəticəsi, təşkil ol bir daha onu göstərdi ki, Medianın İnkişafı Agentliyinin əsas məqsədi media strukturların maddi təminatını yaxşılaşdırılması ilə yanaşı, həm də jurnalistlərin pəşəkarlıq səviyyəsinin yüksədilməsinə xidmət edir.

-Emil bəy, bilirsiniz ki, Azərbaycanda media sahəsində idarəetməni təkmilləşdirmək və vahid tənzimləməni təmin etmək məqsədilə Medianın İnkişafı Agentliyi (MEDİA) və Audiovizual Şuranın bazasında Media və Yayım Şurası yaradılır. Bu şuranın yaradılması hansı hədəflərin reallaşmasına gətirib çıxaracaq?

-Azərbaycanda media sahəsində idarəetməni təkmilləşdirmək və vahid tənzimləməni təmin etmək məqsədilə Medianın İnkişafı Agentliyi (MEDİA) və Audiovizual Şuranın bazasında Media və Yayım Şurası yaradılır. Yeni qurumun yaradılması ilə bağlı qanun layihələri Milli Məclisdə müzakirə edilərək qəbul edilib. Məqsəd isə media və yayım sahəsində fəaliyyəti tənzimləmək, şəffaflığı artırmaq və institusional islahatları davam etdirməkdir. Bilirsiniz ki, Dəyişikliklərə görə, media savadlılığının artırılması, xarici media subyektlərinin filial və nümayəndəliklərinin fəaliyyəti, Media Reyestrinin aparılması, jurnalist vəsiqələrinin verilməsi və media subyektlərinin reyestrə daxil edilməsi ilə bağlı səlahiyyətlər Şura tərəfindən həyata keçiriləcək.Eləcə də Media Reyestrinə daxil olmaq istəyən çap və onlayn media subyektləri, informasiya agentlikləri və jurnalistlər birbaşa Şuraya müraciət edəcəklər.

Media və Yayım Şurası yaradılmasında əsas məqsəd isə media və yayım sahələrində səlahiyyətli dövlət orqanlarını vahid mərkəzdə birləşdirərək işin səmərəliliyini artırmaq, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi və inkişafı üçün tədbirlər görmək, xarici media subyektlərinin nümayəndəliklərinin tənzimlənməsini təmin etmək və Media Reyestrinin idarə olunmasını həyata keçirmək və ən önəmlisi isə cəmiyyətdə media savadlılığının səviyyəsini yüksəltməkdir. Ancaq düşünürəm ki, Azərbaycanda media sahəsində planlaşdırılan dəyişikliklər yalnız struktur islahatları deyil. Həm də informasiya təhlükəsizliyi, peşəkar jurnalistika, milli media məhsullarının inkişafı və beynəlxalq informasiya rəqabətində mövqelərin gücləndirilməsi kimi bir-biri ilə əlaqəli məqsədləri özündə birləşdirən genişmiqyaslı prosesidir. Bütün bu atılan addımlar və yeni qanunun qəbul edilməsində əsas hədəf müasir çağırışlara cavab verən, iqtisadi cəhətdən dayanıqlı, ictimai etimad qazanan və milli maraqları effektiv şəkildə müdafiə edə bilən media sisteminin formalaşdırılmasıdır.

-Emil bəy, siz rəhbərlik etdiyiniz "BİG MEDİA"MMC-nin tərkibində iki media qurumları fəaliyyət göstərir. Sonxeber.az və Big.az. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri sırasında Sonxeber.az da var.

-Bəli, bu bizim üçün böyük etimaddır. Bizə göstərdiyi etimada görə Medianın İnkişafı Agentliyinə və komissiyanın üzvlərinə təşəkkür edirəm. Rəhbərlik etdiyim şirkətə daxil olan hər iki saytın əsas məqsədi vətəndaşlarımıza doğru, operativ və obyektiv informasiya təqdim etməkdir.Bu gün hər iki sayta oxucu auditoriyasını formalaşdırıb, cəmiyyətdə tanınan və izlənilən xəbər resurslarına çevrilib.Biz daim çalışırıq ki, hər zaman oxucularımıza dəqiq və doğru informasiya təqdim edək. Hər bir sahədə olduğu kimi bizim mediada da müəyyən problemlər mövcuddur. Belə ki, bəzi səbəblərdən biz xəbəri daha dolğun şəkildə verə bilmirik. Media qurumları olaraq hər zaman çalışırıq ki operativliklə yanaşı verdiyimiz xəbər dəqiq olsun. Hər iki xəbər portal yalnız gündəlik xəbərlərlə kifayətlənmirik. Eyni zamanda hər iki saytda gündəlik olaraq müsahibələr, araşdırmalar və müəllif mövqeyi tələb edən materiallar da oxucuya təqdim edək.

- Emil bəy istərdik bir az da hədəflər barədə danışaq.

- Bu gün Big.az və Sonxeber.az saytları Azərbaycan media məkanında özünəməxsus yeri olan xəbər portallarıdır. Xüsusilə də yarandığı gündən qazandığı oxucu etimadı, formalaşdırdığı auditoriya və peşəkar fəaliyyət sayəsində bu gün Sonxeber.az ölkədə ən çox oxunan sosial-siyasi saytlar arasında layiqli yerini tutmaqdadır. Bu nailiyyət bizim üçün kifayət Kollektivimizlə birlikdə bizim bu gün ilk hədəfimiz Medianın İnkişafı Agentliyinin bizə göstərdiyi etimadı doğrultmaq və ölkədə ən çox oxunan media qurumuna çevrilməkdir. Bunun üçün də düşünürəm ki, inkişaf edən media üçün ən doğru mövqe əldə olunan nailiyyətlərlə kifayətlənməmək, daim yenilənmək və oxucunun etimadını hər zaman qoruyub saxlamaqdır.

Emil bəy, bilirik ki, iyulun 8-i sizin ad gününüzdür. Ad gününüz münasibətilə sizi kollektivimiz adından təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.