“Bu, gələcəyə nikbin baxmağa əsas verən amillərdən biridir” - ŞƏRH EDİLDİ

3 İyul 2026 16:46 (UTC+04:00)

“Azərbaycan və Avropa Birliyi arasında gündəmdə olan əsas məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Ursula fon der Lyayen və Azərbaycan Prezidentinin mətbuata açıqlamaları bir daha göstərdi ki, bir neçə vacib məsələ üzrə Avropa Birliyi ilə Azərbaycanın baxışları bir-birindən fərqlənmir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, xüsusilə də bölgədə sülh, enerji, nəqliyyat və rəqəmsal bağlantılar məsələsində tərəflər eyni mövqedən çıxış etdiklərini nümayiş etdirdilər:

“Bölgədə sülhün davamlı prosesə çevrilməsi üçün hər iki tərəfin siyasi iradə nümayiş etdirməsi bir daha təsdiqləndi.

Eyni zamanda Ursula fon der Lyayenin bölgədə sülh gündəliyinin məhz Azərbaycanın səyləri sayəsində formalaşdığını vurğulaması müsbət haldır. O mənada ki, indiyədək sülh gündəliyini təşviq edən əsas tərəf Azərbaycan, ona məcburən dəstək verən isə Ermənistan idi. Bundan sonra isə artıq Avropa Birliyinin də sülh gündəliyinə daha fəal dəstək verəcəyini gözləmək olar.

Sülh gündəliyinin Azərbaycanın nailiyyəti kimi qiymətləndirilməsi Avropa Komissiyasını müəyyən mənada məsuliyyət altına da qoyur. Çünki artıq həm Azərbaycan, həm də Ermənistan sülh gündəliyinə sadiq olduqlarını və bunun alternativsiz olduğunu bəyan ediblər. Əgər bundan sonra qısa müddətdə sülh prosesi məntiqi nəticəsinə çatmasa, bu məsələdə Avropa Komissiyasının da məsuliyyəti ortaya çıxacaq. Çünki Azərbaycan da, Ermənistan da sülh istədiklərini bildirirlər, Avropa Birliyi də bu prosesə dəstək verəcəyini bəyan edib. Deməli, qalan məsələlərin həllində Avropa Birliyinin də üzərinə müəyyən öhdəlik düşür.

Eyni zamanda Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal bağlantılar sahəsində həyata keçirdiyi layihələrə Avropa Birliyinin maliyyə dəstəyi ayırması da müsbət haldır. Bu məqsədlə Avropa Komissiyasının Prezidenti 200 milyon avroya yaxın maliyyə dəstəyi ayrılacağını bəyan etdi. Bundan əlavə, Naxçıvan istiqamətində dəmir yolu infrastrukturunun yenidən qurulması üçün 2 milyard avroya qədər vəsait ayrılacağının da anonsu verildi.

Bu, gələcəyə yönəlmiş müsbət mesajdır. Lakin əsas məsələ ondan ibarətdir ki, bölgədə nəqliyyat kommunikasiyalarının açılması prosesində Avropa Birliyi nə dərəcədə ardıcıl olacaq və Ermənistanı bu istiqamətdə hansı səviyyədə təşviq edə biləcək.

Eyni zamanda, əgər Avropa Komissiyası doğrudan da sülh gündəliyinə və bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılmasına sadiqdirsə, bu prosesə maneçilik törədən qüvvələrin fəaliyyətini neytrallaşdırmaq istiqamətində də addımlar atmalıdır.

Xüsusilə də sülh sazişinin imzalanmasına və nəqliyyat kommunikasiyalarının açılmasına qarşı bölgədə bəzi dövlətlərin sərgilədiyi qeyri-konstruktiv mövqe Avropanı da ciddi şəkildə narahat etməlidir.

Ancaq əsas məqam ondan ibarətdir ki, vacib məsələlər üzrə Avropa Birliyi ilə Azərbaycanın mövqeləri üst-üstə düşdü. Ən önəmlisi isə odur ki, həm bölgədə sabit inkişafın təmin olunmasına, həm də sülh sazişinin imzalanmasına Avropa Birliyi dəstək verəcəyini açıq şəkildə ortaya qoydu. Bu isə gələcəyə nikbin baxmağa əsas verən amillərdən biridir”.