"Mövsüm meyvələrinin bol olmasına baxmayaraq, qiymətlərinin yüksək olmasının bir neçə səbəbi var. İlk növbədə, bu, kənd təsərrüfatı sahəsində müşahidə olunan işçi qıtlığı ilə əlaqədardır. Kəndli məhsulun yığımı, ağac üzərində xarab olmaması üçün işçi qüvvəsinə ehtiyac duyur və bunun üçün əməkhaqqı ödəyir. Əksər regionlarda gilas, ərik və bu kimi meyvələrin yığımına görə işçilərə hər kiloqram üçün 70–80 qəpik ödənilir".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.
.jpg)
Onun sözlərinə görə, bu məbləğə ağacın ən hündür budaqlarındakı meyvələrin də nərdivan vasitəsilə yığılması daxildir:
"Kiloqramı 70–80 qəpiyə yığılan məhsulun, digər xərclər də nəzərə alındıqda, bazarda ucuz qiymətə satılması təbii ki, mümkün olmur.
İkinci səbəb isə ondan ibarətdir ki, bəzi sahibkarlar məhsulu daxili bazarda satmaq əvəzinə, onu birbaşa xarici bazarlara çıxarmağa üstünlük verirlər. Çünki xarici valyuta ilə gəlir əldə etmək onlar üçün daha sərfəli hesab olunur.
Digər mühüm səbəblərdən biri də qeyri-sabit hava şəraitidir. Buna baxmayaraq, bazarda məhsul bolluğu müşahidə olunur. Lakin hava şəraitinin normadan fərqli keçməsi, xüsusilə gilas kimi meyvələrin qurdlamasına və xarab olmasına şərait yaradır. Bəzi vicdansız satıcılar isə keyfiyyətli məhsula 30–40 faiz xarab məhsul qataraq daha çox gəlir əldə etməyə çalışırlar. Bu kimi hallara daha çox bazarlarda və küçə ticarətində rast gəlinir.
Qiymətlərə təsir edən digər amillərdən biri də kəndlinin məhsulunu birbaşa bazara çıxarmaqda çətinlik çəkməsidir. El arasında deyildiyi kimi, vasitəçilər məhsulu kəndlidən çox ucuz qiymətə alır, sonra isə Bakı və digər iri şəhərlərdə xeyli baha qiymətə satışa çıxarırlar.
Düşünürəm ki, Türkiyədə olduğu kimi, Azərbaycanda da küçə ticarəti müəyyən qaydalar çərçivəsində leqallaşdırılmalıdır. Bu, kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərə bilər. Əgər vətəndaş dövlətə vergisini ödəyirsə, fərdi POS-terminalı varsa və bələdiyyənin icazəsi ilə müəyyən olunmuş yerlərdə satış həyata keçirirsə, bunun iqtisadi baxımdan hər hansı problemi olmamalıdır. Belə olan halda vətəndaş daha sərbəst iş qrafikinə malik olar, məhsul bolluğu qiymətlərə müsbət təsir edər, kəndlinin məhsulu vasitəçisiz şəkildə birbaşa istehlakçıya çatdırılar. Hesab edirəm ki, bu yanaşma işsizliyin azalmasına da müəyyən töhfə verə bilər".