Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Dr. Sədi Allahverdiyev 3–5 iyul 2026-cı il tarixlərində Bakı şəhərində İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Forever Baku” Müasir Ginekologiya Konqresi eyni zamanda "XII Sərhədsiz Ginekologiya İclası" adlı beynəlxalq elmi konqresin diqqətçəkən bölmələrindən biri olan "Canlı cərrahiyyə" sessiyasında laparoskopik endometrioz əməliyyatını canlı yayımda uğurla icra edib.
Konqres çərçivəsində Bakı, Moskva, Daşkənd və Aktau şəhərlərindən tanınmış mama-ginekoloqlar canlı cərrahi translyasiyalar vasitəsilə öz peşəkar təcrübələrini beynəlxalq auditoriya ilə bölüşüblər.
Tədbirdə Rusiya, Türkiyə, Almaniya, Böyük Britaniya, İspaniya, İsrail, Macarıstan, Qazaxıstan, Özbəkistan, Gürcüstan və digər ölkələrdən tanınmış mama-ginekoloqlar və cərrahlar bir araya gələrək müasir ginekologiyanın aktual problemlərini, innovativ cərrahi yanaşmaları və elmi yenilikləri müzakirə ediblər.
Bu nüfuzlu beynəlxalq tədbirdə Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu Dr. Sədi Allahverdiyevin canlı cərrahi əməliyyat icra etməsi tibb müəssisəsinin yüksəkixtisaslı həkim potensialının, müasir cərrahi imkanlarının və beynəlxalq elmi əməkdaşlığa verdiyi töhfənin növbəti bariz göstəricisidir.
Mərkəzi Gömrük Hospitalı həkimlərinin beynəlxalq elmi platformalarda fəal iştirakı onların peşəkar bilik və bacarıqlarının daha da inkişafına, qabaqcıl tibbi təcrübələrin ölkəmizdə tətbiqinə və Azərbaycan səhiyyəsinin beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verir.