"Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti arasında keçirilən görüşdən sonra səsləndirilən bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin hazırkı mərhələsini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi mesajlar kimi qiymətləndirilə bilər".
Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə,tərəflərin çıxışlarında enerji təhlükəsizliyi əsas əməkdaşlıq istiqamətlərindən biri kimi ön plana çıxarıldı:
"Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi rolu bir daha vurğulandı, eyni zamanda enerji sahəsində əməkdaşlığın uzunmüddətli perspektivdə daha da genişləndirilməsinə dair siyasi iradə nümayiş etdirildi. Bu yanaşma Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti fonunda Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.
Bəyanatlarda iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması, yaşıl enerji layihələrinin həyata keçirilməsi və Orta Dəhlizin inkişafı da əsas müzakirə mövzuları sırasında yer aldı. Bu istiqamətlər Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın artıq təkcə enerji sektoru ilə məhdudlaşmadığını, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən strateji xarakter aldığını göstərir.
Regional təhlükəsizlik və sülh gündəliyi də çıxışların mühüm hissəsini təşkil etdi. Cənubi Qafqazda sabitliyin təmin olunması, kommunikasiyaların açılması və davamlı sülhün bərqərar olması istiqamətində səsləndirilən fikirlər Avropa İttifaqının regiona marağını və Azərbaycanın bu proseslərdə əsas aktorlardan biri kimi rolunu bir daha nümayiş etdirdi.
Ümumilikdə, mətbuata verilən bəyanatlar göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı maraqlar və praqmatik əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Enerji təhlükəsizliyi, yaşıl keçid, nəqliyyat-logistika layihələri və regional sabitlik bundan sonra da tərəflərin əməkdaşlıq gündəliyində əsas istiqamətlər olaraq qalacaq".