"Xroniki stress ürək-damar xəstəliklərinin yaranmasında əsas risk amillərindən biri hesab olunur". Bu fikirləri SİA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov bildirib.
Onun sözlərinə görə, uzun müddət davam edən stress nəticəsində mərkəzi sinir sistemi ilə endokrin sistem arasında tənzimləyici mexanizmlər pozulur. Nəticədə stress hormonları olan adrenalin və kortizolun qanda səviyyəsi artır:
"Bu hormonların uzun müddət yüksək səviyyədə qalması qan təzyiqinin yüksəlməsinə, ürək döyüntüsünün sürətlənməsinə, damarların daralmasına, maddələr mübadiləsinin pozulmasına və orqanizmdə xroniki iltihabi proseslərin güclənməsinə səbəb ola bilər. Eyni zamanda hüceyrələrin normal fəaliyyətini tənzimləyən mexanizmlər zəifləyir ki, bu da müxtəlif xəstəliklərin inkişaf riskini artırır.
Xüsusilə adrenalin və kortizolun uzunmüddətli yüksək səviyyəsi təkcə ürək-damar sisteminə deyil, həm də endokrin sistemin fəaliyyətinə, immun cavaba və metabolik proseslərə mənfi təsir göstərir. Nəticədə orqanizmdə normal fizioloji və biokimyəvi proseslər pozulur və müxtəlif xəstəliklərin inkişafı üçün əlverişli zəmin yaranır.
Müasir həyat tərzində iş yükünün artması, kompüter və digər rəqəmsal cihazlardan uzun müddət istifadə, mobil telefonlardan həddindən artıq yararlanma, balanssız qidalanma, yuxu rejiminin pozulması və ümumilikdə həyat ritminin getdikcə daha gərgin xarakter alması xroniki stressin əsas səbəbləri sırasındadır. Bütün bunlar insan sağlamlığı üçün ciddi risk yaradır və uzunmüddətli təsirlərinə görə siqaretçəkmə və alkoqoldan sui-istifadə kimi zərərli vərdişlərlə müqayisə oluna biləcək təhlükələrə səbəb ola bilər."
Lətifə Abdıyeva