İngiltərə millisinin yarımmüdafiəçisi Corciya Stenvey karyerasını Arsenalda davam etdirəcək. London klubu 27 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb. Stenvey Almaniyanın "Bavariya" klubu ilə müqaviləsinin başa çatmasının ardından azad agent statusunda "Arsenal"a qoşulub və yeni komandasında 4 nömrəli formanı geyinəcək.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təcrübəli yarımmüdafiəçi transferdən sonra bu addımı karyerası üçün böyük fürsət adlandıraraq bildirib ki, Arsenal qadın futbolunun inkişafına böyük töhfə verən klublardan biridir və o, bu layihənin bir hissəsi olmaqdan qürur duyur. Futbolçu yeni komandası ilə həm titullar qazanacağına, həm də fərdi inkişafını davam etdirəcəyinə inandığını vurğulayıb.
Stenvey 2022-ci ildə "Mançester Siti"dən "Bavariya"ya transfer olunmuşdu. O, Almaniya klubunda keçirdiyi dörd mövsümdə 128 oyunda 32 qol vurub, dörd Bundesliqa çempionluğu, iki Almaniya Kuboku və iki Superkubok qazanıb. Daha əvvəl "Mançester Siti"nin heyətində İngiltərə çempionluğu, FA Kuboku və Liqa Kubokunun qalibi olub. Arsenal rəhbərliyi isə Corciya Stenveyi dünyanın ən güclü yarımmüdafiəçilərindən biri kimi dəyərləndirərək, onun təcrübəsi, liderlik keyfiyyətləri və yüksək oyun səviyyəsinin komandaya mühüm töhfə verəcəyini bildirib.
Lətifə Abdıyeva