İsveçrə millisi 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Əlcəzair üzərində 2:0 hesablı qələbə qazanaraq 88 ildən sonra ilk dəfə mundialın pley-off mərhələsində qalib gəlib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Vankuverdə keçirilən qarşılaşmada hesabı 10-cu dəqiqədə Breel Embolo açıb. Hücumun əsas memarı olan gənc futbolçu Johan Manzambi sürətli reyddən sonra etdiyi dəqiq ötürmə ilə komanda yoldaşının fərqlənməsinə şərait yaradıb. İsveçrə ikinci hissəyə də uğurlu başlayıb. 46-cı dəqiqədə Dan Ndoye dəqiq zərbə ilə hesab arasındakı fərqi artıraraq komandasını rahat vəziyyətə gətirib.
Oyuna fəal başlayan Əlcəzair yaratdığı imkanlardan yararlana bilmədi. Komandanın lideri Riyad Mahrez İsveçrə müdafiəsi tərəfindən zərərsizləşdirildi və yalnız ikinci hissədə təhlükəli epizod yaratmağa yaxın olsa da, onun cəhdi Manuel Akanji tərəfindən vaxtında qarşılandı.
İsveçrə son dəqiqələrdə hesabı daha da artıra bilərdi. Lakin əvəzedici Fabian Rieder boş qapı qarşısında əlverişli imkanı boşa verdi. Buna baxmayaraq, Murat Yakinin rəhbərlik etdiyi komanda oyuna tam nəzarət edərək inamlı qələbəni qoruyub saxladı.
Bu nəticə ilə İsveçrə 1/8 finala yüksəlib. Komanda növbəti mərhələdə Kolumbiya – Qana cütünün qalibi ilə qarşılaşacaq.
Lətifə Abdıyeva