Tətil dövrü uşaqlar üçün istirahət və inkişaf baxımından çox dəyərli olsa da, bu müddətdə gündəlik rutinin dəyişməsi bəzi psixoloji çətinliklərə səbəb ola bilər.
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

O bildirib ki, məktəb dövründə uşaqlar müəyyən saatlarda oyanır, qidalanır, dərs oxuyur və yatırlar:
”Tətil zamanı isə bu nizam pozulduqda yuxu rejimi dəyişir, ekran qarşısında keçirilən vaxt artır, fiziki aktivlik azalır və sosial əlaqələr məhdudlaşa bilir. Nəticədə uşaqlarda əsəbilik, diqqət dağınıqlığı, motivasiya azalması, narahatlıq və emosional qeyri-sabitlik müşahidə oluna bilər.
Valideynlərə tövsiyəm odur ki, tətil dövründə tam sərbəstlik deyil, çevik və balanslı bir rutin formalaşdırsınlar. Uşağın yuxu və oyanma saatları mümkün qədər sabit saxlanılmalı, açıq havada oyun və fiziki fəaliyyətə vaxt ayrılmalı, ekran istifadəsi yaşa uyğun şəkildə məhdudlaşdırılmalı, ailə ilə birgə keyfiyyətli vaxt keçirilməlidir.
Ən vacibi isə odur ki, tətil yalnız istirahət deyil, həm də uşağın emosional ehtiyaclarının qarşılandığı, özünü təhlükəsiz və dəyərli hiss etdiyi bir dövr olmalıdır. Valideynin anlayışı, dəstəyi və ardıcıl münasibəti uşağın psixoloji sağlamlığının qorunmasında əsas rol oynayır.
Tətil bitməyə yaxın isə məktəb rejiminə tədricən qayıtmaq tövsiyə olunur. Bu, uşağın yeni tədris ilinə daha rahat və stresssiz adaptasiya olmasına kömək edəcək”.
Ayşən Vəli