"Rusiyada hazırda müşahidə olunan iqtisadi çətinliklər və hökumətin daxili bazarı sabitləşdirmək məqsədilə strateji yanacaq ehtiyatlarından təxminən 1,7 milyon ton məhsulun dövriyyəyə buraxılması qərarı ölkə iqtisadiyyatının üzləşdiyi təzyiqlərin artdığını göstərir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, bu addım ilk növbədə daxili bazarda qiymət sabitliyinin qorunmasına, kənd təsərrüfatı mövsümündə və sənaye sektorunda yanacaq təminatının fasiləsiz saxlanmasına hesablanmış tədbir kimi görünür. Lakin bu qərar eyni zamanda Rusiya iqtisadiyyatının müharibənin uzunmüddətli təsirlərinə uyğunlaşmaqda çətinliklərlə üzləşdiyini də nümayiş etdirir:
"Rusiya–Ukrayna müharibəsi artıq dördüncü ilini arxada qoyub və tərəflərin hərbi imkanları ilə yanaşı, iqtisadi dayanıqlığı da münaqişənin əsas müəyyənedici amillərindən birinə çevrilib. Rusiya hərbi sənaye istehsalını yüksək səviyyədə saxlasa da, bunun maliyyələşdirilməsi dövlət büdcəsinə ciddi yük yaradır. Müdafiə xərclərinin rekord həddə yüksəlməsi sosial proqramlara, infrastruktur layihələrinə və digər iqtisadi prioritetlərə ayrılan resursların azalmasına səbəb olur. Digər tərəfdən, beynəlxalq sanksiyalar texnologiya idxalını, maliyyə əməliyyatlarını və enerji sektorunun uzunmüddətli inkişafını məhdudlaşdırmağa davam edir.
Buna baxmayaraq Rusiyanın enerji ixracından hələ də əhəmiyyətli gəlirlər əldə etdiyi, alternativ bazarlara yönəlmə siyasətini genişləndirdiyi və müdafiə sənayesini müharibə iqtisadiyyatına uyğunlaşdırmağa çalışdığını da nəzərə almaq lazımdır. Buna görə də strateji ehtiyatların dövriyyəyə buraxılmasını birbaşa iqtisadi iflasın göstəricisi olaraq qəbul etmək düzgün olmazdı. Hazırki şəraitdə biz bunu bazarın idarə olunmasına yönəlmiş anti-böhran alətlərindən biri kimi də dəyərləndirə bilərik.
Digər tərəfdən, Ukrayna da ciddi iqtisadi və hərbi çətinliklərlə üz-üzədir. Ukrayna hər nə qədər Rusiyanın dərinliklərini zərbə altında qoyaraq Rusiyanın enerji infrastrututruna böyük zərər vursa da, Rusiya kimi bir ölkəni Hindistandan, Qazaxıstan və digər ölkələrdən yanacaq məhsulları almağa məcbur buraxsa da öz vəziyyətləri də ürəkaçan deyil. Ölkənin iqtisadi fəaliyyəti böyük ölçüdə xarici maliyyə və hərbi dəstəkdən asılı olaraq qalır. Cəbhə xəttində vəziyyət uzun müddətdir yüksək intensivlikdə davam edir və hər iki tərəf müəyyən istiqamətlərdə lokal irəliləyişlər əldə etsə də, həlledici strateji üstünlük formalaşdıra bilməyib. Bu isə münaqişənin daha çox resursların tükəndirilməsi üzərində qurulan uzunmüddətli qarşıdurma xarakteri aldığını göstərir.
Belə şəraitdə iqtisadi amillər döyüş meydanındakı hadisələr qədər əhəmiyyət kəsb edir. Hərbi əməliyyatların davam etdirilməsi üçün maliyyə sabitliyi, sənaye istehsalı, enerji təminatı və logistika əsas rol oynayır. Rusiyanın daxili bazarı dəstəkləmək məqsədilə yanacaq ehtiyatlarını dövriyyəyə buraxması da məhz bu kontekstdə qiymətləndirilə bilər. Bu qərar bir tərəfdən dövlətin bazara operativ müdaxilə imkanlarını nümayiş etdirir, digər tərəfdən isə müharibənin iqtisadi yükünün artıq daxili iqtisadi siyasətdə daha aydın hiss olunduğunu göstərir.
Ümumilikdə isə prosseslər onu sübut edir ki, həm Rusiya, həm də Ukrayna üçün müharibənin taleyi yalnız cəbhədə deyil, iqtisadi dayanıqlıq, sənaye potensialı və beynəlxalq dəstəyin davamlılığı ilə müəyyən olunacaq".