Yol-nəqliyyat hadisəsində xəsarət alan yoxdursa, sürücü hadisə yerini tərk edə bilər? -HÜQUQŞÜNAS DANIŞDI

3 İyul 2026 12:05 (UTC+04:00)

“İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan sürücünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə 100 manat məbləğində cərimə və 4 cərimə balı nəzərdə tutulur. Zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs barəsində həmin cərimə və cərimə balı tətbiq edilmir”.

Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etdikdə onun barəsində nə 100 manat məbləğində cərimə, nə də 4 cərimə balı tətbiq edilir:
“Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır.
Qeyd etmək lazımdır ki, yol-nəqliyyat hadisəsi baş verdikdən dərhal sonra sürücülər zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri göstərməyə: təcili tibbi yardım maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda, əgər sürücülər qanunun tələbindən gələn vəzifələri yerinə yetirməzsə və hadisə yerindən qaçarsa, onların əməli yanlız CM-nin 263və ya 263-1-ci maddələri ilə deyil, eyni zamanda CM-nin 264-cü maddəsində (yol-nəqliyyat hadisəsi yerindən qaçma)nəzərdə tutulmuş cinayətin tərkibini yaradır.Eyni vəziyyətdə, sürücü yol nəqliyyat hadisəsi yerindən qaçmasa da, zərərçəkmiş şəxsi həyat və sağlamlıq üçün təhlükəli vəziyyətdə qoyduğuna görə, ona kömək göstərmək imkanı olduğu halda, bunu etmədikdə, onun əməli CM-nin 263-cü maddəsi ilə yanaşı, həm də CM-nin 143-cü maddəsinin(təhlükədə qoyma) tərkibini yaradır”.