Mövcud qeyri-sabit beynəlxalq vəziyyət və çoxsaylı qlobal çağırışlar fonunda Çin Kommunist Partiyası bundan sonra da sülh, inkişaf, əməkdaşlıq və qarşılıqlı fayda bayrağını yüksək tutacaq, bəşəriyyətin ümumi dəyərləri olan sülhü, inkişafı, bərabərliyi, ədaləti, demokratiyanı və azadlığı təşviq edəcək.
Partiya qarşılıqlı hörmət, ədalət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan yeni tip beynəlxalq münasibətlər sisteminin formalaşdırılmasını irəli aparacaq.
O, Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü, Qlobal Sivilizasiya Təşəbbüsü və Qlobal İdarəetmə Təşəbbüsünün həyata keçirilməsinə dəstək verməyə davam edəcək ki, bütün dünyada sülhün və inkişafın möhkəmlənməsinə daha çox müsbət töhfə versin.
Çin və Azərbaycan yaxşı dost və etibarlı tərəfdaşlardır. Son illərdə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji rəhbərliyi altında Çin–Azərbaycan münasibətləri hərtərəfli şəkildə inkişaf edərək tarixdə ən yüksək səviyyəyə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, bununla da iki ölkə arasında münasibətlər və əməkdaşlıq tarixində yeni bir səhifə açılıb.
Hər iki ölkənin hakim partiyaları olan Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası dövlətin inkişafında mühüm rəhbər rol oynayırlar.
Tərəflər uzun illər ərzində sıx və müntəzəm əlaqələr mexanizmini qoruyub saxlayıb, iki ölkə liderlərinin əldə etdiyi mühüm razılaşmaları fəal şəkildə həyata keçirib, dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsini dərinləşdirib, hər iki partiyanın kadrları, kütləvi informasiya vasitələri və analitik mərkəzləri arasında əməkdaşlığı təşviq edib, bununla da ikitərəfli hərtərəfli strateji tərəfdaşlığın davamlı inkişafına mühüm töhfə veriblər.
Geridə qalan 105 ilə nəzər saldıqda demək olar ki, Çin Kommunist Partiyası dövrün tələblərinə uyğun fəaliyyət göstərib, Çinin və Çin xalqının taleyini və inkişaf perspektivlərini köklü şəkildə dəyişdirib.
Gələcəyə baxdıqda isə, Çin Kommunist Partiyası artıq yeni yüzillik yürüşünə başlayıb. O, Çin xalqının böyük dirçəlişinə və xalqın rifahına xidmət etməyə davam edəcək, həmçinin bəşəriyyətin vahid taleyi birliyinin qurulmasına və daha yaxşı bir dünyanın birgə yaradılmasına töhfə vermək məqsədilə ölkələrin bütün siyasi partiyaları ilə qarşılıqlı etimadı və əlaqələri daha da möhkəmləndirməyə hazırdır.
Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey