"Qlobal geosiyasi arxitekturanın yenidən formalaşdığı, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi mexanizmlərinin transformasiyaya uğradığı müasir mərhələdə, Avropa İttifaqı və Azərbaycan Respublikası arasındakı ikitərəfli münasibətlər keyfiyyətcə yeni, strateji doktrinal sferaya qədəm qoymaqdadır. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kostanın diplomatik təmaslarının ardınca, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya rəsmi səfəri təsadüfi xarakter daşımayıb, Brüsselin Cənubi Qafqaz regionuna yönəlik xarici siyasət strategiyasının konseptual şəkildə yenidən nəzərdən keçirilməsinin bariz göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, bu diplomatik fəallıq Azərbaycanın regionda təhlükəsizliyin, iqtisadi inteqrasiyanın və transkontinental kommunikasiya xətlərinin fundamental subyekti və qarantı statusunu təsdiqləyir:
"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında formalaşmış dialoqun institusional əsasları, tərəflərin qarşılıqlı suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyinə söykənir və bu mənada Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycanı "etibarlı, strateji enerji tərəfdaşı" kimi xarakterizə etməsi, sadəcə iqtisadi platforma ilə məhdudlaşmır. Bu bəyanat ilk növbədə iki tərəf arasında 2022-ci ildə imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" nun hüquqi-siyasi davamlılığını və tərəflərin ahəngdar öhdəliklər strukturunu ehtiva edir. Rusiya-Ukrayna böhranından sonra Avropanın enerji təhlükəsizliyi arxitekturasında yaranmış struktur boşluqlarının doldurulmasında Bakının preventiv və qətiyyətli addımları, Azərbaycanın beynəlxalq müqavilə hüququna sadiqliyini və geoiqtisadi çəkisini nümayiş etdirmişdir. Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidentinin birgə bəyanatlarında vurğulanır ki, Azərbaycan tərəfindən irəli sürülən meqa layihələr Avrasiyanın enerji xəritəsini kökündən dəyişdirib. Cənub Qaz Dəhlizinin tam gücü ilə fəaliyyət göstərməsi və gələcək genişləndirilməsi layihələri Brüssel tərəfindən strateji prioritet kimi qəbul olunur. Müasir mərhələdə tərəflər arasındakı əməkdaşlıq ənənəvi karbohidrogen resurslarının nəqli çərçivəsindən çıxaraq, "Yaşıl Enerji" paradiqmasına və dekarbonizasiya hədəflərinə yönəlmişdir. Xəzər dənizindən Avropaya qədər uzanacaq yaşıl enerji dəhlizlərinin, o cümlədən Qara dəniz sualtı elektrik kabelinin çəkilişi layihəsi hüquqi-institusional olaraq rəsmiləşdirilməkdədir. Bu proses Bakının COP29-a ev sahibliyi fonunda əldə etdiyi beynəlxalq konsensusun məntiqi davamıdır. Eyni zamanda, regional nəqliyyat və logistika layihələrinin şaxələndirilməsi, xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu platforması Aİ-nin geoiqtisadi maraqlarının mərkəzində dayanır. Azərbaycanın tranzit potensialı, qlobal tədarük zəncirinin təhlükəsizliyini təmin edən alternativsiz infrastruktur qovşağı kimi qəbul edilir.
Qeyd edilənlər fonunda Brüsselin Azərbaycana baxış bucağındakı köklü dəyişikliklər həm də regional təhlükəsizlik arxitekturasındakı reallıqlarla şərtlənir. Avropa İttifaqı Azərbaycanın post-münaqişə dövründə regionda dayanıqlı sülhün və sabitliyin bərqərar olunması istiqamətində apardığı legitim xarici siyasət kursunu, eləcə də Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üzrə birbaşa ikitərəfli diplomatik səylərini dəstəkləyir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət strategiyası regional suverenlik prinsipinə əsaslanır və kənar regional müdaxilələrin neqativ təsirlərini minimallaşdırır. Aİ-nin bəzi dairələrində müşahidə olunan asimmetrik yanaşmalara rəğmən, Avropa Komissiyasının ali rəhbərliyinin Bakı ilə birbaşa və institusional dialoqa üstünlük verməsi rasional beynəlxalq hüquq reallıqlarının dərk edilməsinin məntiqi nəticəsidir. Heç şübhəsiz ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya gözlənilən səfəri, tərəflər arasında imzalanması nəzərdə tutulan genişmiqyaslı yeni ikitərəfli saziş üzrə danışıqların hüquqi dinamikasına müsbət təsir göstərəcəkdir. Bu səfər Aİ-Azərbaycan münasibətlərində sadəcə subregional deyil, transkontinental əhəmiyyətli yeni bir səhifə açır. Proseslərin təhlili isə bir daha deməyə əsas verir ki, Azərbaycan təkcə etibarlı resurs mənbəyi deyil, eyni zamanda beynəlxalq hüquqi öhdəliklərinə sadiq qalan, Avrasiyanın geostrateji və logistik mərkəzində həlledici rol oynayan suveren güc mərkəzi kimi öz mövqeyini daha da möhkəmləndirir".