Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq general-leytenant N.İslamzadə “Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində bir sıra tədbirlərdə iştirak edib, şəxsi heyətlə görüşüb.
Azərbaycan heyətinin rəhbəri polkovnik Zaur Məmmədov təlimin gedişi və şəxsi heyət qarşısında qoyulan tapşırıqlar barədə HHQ komandanına məruzə edib.
Təlimdə şəxsi heyətin nümayiş etdirdiyi peşəkarlıq nazir müavini tərəfindən yüksək qiymətləndirilib.
Sonra general-leytenant Namiq İslamzadə və Türkiyə HHQ-nin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu arasında görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, birgə keçirilən təlimlərin əhəmiyyəti və qarşılıqlı təcrübə mübadiləsi xüsusi vurğulanıb.
Hər iki ölkənin HHQ-nin komandanları təlim fəaliyyətlərini havadan izlədikdən sonra təlim çərçivəsində təşkil olunan sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olublar.