Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkəmizin regionda əsas iqtisadi mərkəzə çevrildiyini və Aİ üçün etibarlı strateji tərəfdaş kimi mövqeyinin daha da gücləndiyini nümayiş etdirir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, bu göstərici Azərbaycanın iqtisadi gücünün, ixrac potensialının və regional liderlik statusunun real ifadəsidir. Onun sözlərinə görə, Azərbaycan son illərdə həyata keçirdiyi məqsədyönlü iqtisadi islahatlar, makroiqtisadi sabitlik, investisiya mühitinin davamlı yaxşılaşdırılması və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi hesabına Cənubi Qafqazda aparıcı iqtisadi aktora çevrilib: “Azərbaycan-Aİ münasibətləri artıq klassik enerji əməkdaşlığı çərçivəsini aşaraq çoxşaxəli strateji tərəfdaşlıq modelinə transformasiya olunub. Əvvəllər əsas diqqət neft və qaz sektoruna yönəlirdisə, hazırda əməkdaşlıq ticarət, sənaye, nəqliyyat, logistika, rəqəmsal iqtisadiyyat, innovasiya və yaşıl enerji kimi geniş sahələri əhatə edir”.
O bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəni Avropa və Asiya arasında mühüm tranzit və logistika mərkəzinə çevirib. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı regionlararası ticarət axınlarının səmərəliliyini artırır və Avropa İttifaqı ilə iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verir.
Deputatın sözlərinə görə, Azərbaycan bu gün təkcə enerji ixracatçısı deyil, həm də qlobal nəqliyyat sistemində strateji körpü rolunu oynayan ölkədir. Bu amil Aİ ilə əməkdaşlığın dayanıqlığını daha da gücləndirir. A.Hüseynov qeyd edib ki, Azərbaycan-Aİ enerji dialoqu uzunmüddətli strateji əhəmiyyət daşıyır və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu getdikcə artır. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropa bazarlarına çıxışını təmin etməklə bir sıra ölkələrin enerji təchizatında şaxələndirmə imkanlarını genişləndirib.
“Bu əməkdaşlıq qarşılıqlı etimad, uzunmüddətli öhdəliklər və strateji maraqlar əsasında formalaşıb və davamlı xarakter daşıyır. Son illərdə isə enerji əməkdaşlığının yeni istiqaməti kimi yaşıl enerji ön plana çıxıb. Azərbaycan bərpaolunan enerji mənbələri baxımından böyük potensiala malik ölkədir və bu potensial getdikcə daha sistemli şəkildə reallaşdırılır. Xəzər dənizinin külək enerjisi ehtiyatları, günəş enerjisinin geniş coğrafiyada tətbiqi və regionlarda yaradılan “yaşıl enerji zonaları” ölkənin enerji keçid strategiyasının əsas sütunlarını təşkil edir”, - deyə o bildirib.
Deputat vurğulayıb ki, Azərbaycan yaxın perspektivdə təkcə ənənəvi enerji resurslarının ixracatçısı deyil, həm də yaşıl enerji ixrac edən ölkə kimi beynəlxalq enerji bazarında yeni mövqe tuta bilər. Bu kontekstdə Qara dənizin dibi ilə yaşıl enerji kabelinin çəkilməsi layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihə Avropaya yaşıl elektrik enerjisinin ixracını nəzərdə tutmaqla yanaşı, regional enerji konnektivliyinin gücləndirilməsinə xidmət edir.
A.Hüseynov qeyd edib ki, Avropa İttifaqı ilə enerji konnektivliyi üzrə yeni platformaların formalaşdırılması əməkdaşlığın keyfiyyətcə daha yüksək mərhələyə keçdiyini göstərir. Bu platformalar enerji şəbəkələrinin inteqrasiyası, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və dayanıqlı infrastrukturun qurulmasını hədəfləyir. Deputat bildirib ki, Azərbaycan iqtisadiyyatında həyata keçirilən struktur islahatlar qeyri-neft sektorunun inkişafını sürətləndirib. Sənaye parklarının genişlənməsi, kənd təsərrüfatının modernləşdirilməsi, ixracın diversifikasiyası və rəqəmsal iqtisadiyyatın inkişafı bu prosesin əsas istiqamətlərindəndir.
Onun sözlərinə görə, investisiya mühitinin yaxşılaşdırılması Avropa şirkətlərinin Azərbaycana marağını artırır və bu da ikitərəfli iqtisadi əlaqələrin daha da dərinləşməsinə şərait yaradır. A.Hüseynov əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan–Aİ əməkdaşlığı üçün yeni imkanlar yaradır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, eləcə də “yaşıl enerji zonası” layihələri bu bölgələri gələcəkdə innovasiya və investisiya mərkəzinə çevirir.
Deputat COP29-a ev sahibliyini Azərbaycanın beynəlxalq nüfuzunun artması və yaşıl gündəliyinin qlobal səviyyədə tanınması kimi qiymətləndirib. Onun sözlərinə görə, bu, ölkənin iqlim dəyişikliklərinə qarşı mübarizədə fəal və məsuliyyətli aktor olduğunu təsdiqləyir. A.Hüseynov bildirib ki, Azərbaycan–Aİ münasibətləri qarşılıqlı etimad və strateji maraqlar əsasında sürətlə inkişaf edir.
Onun fikrincə, yaşıl enerji, rəqəmsal transformasiya, logistika və ticarət sahələrində yeni birgə layihələr Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirəcək, Avropa İttifaqı ilə tərəfdaşlığı isə yeni strateji inkişaf mərhələsinə yüksəldəcək.